Bakıda motosiklet bazarı Harda, necə, neçəyə? FOTO


Digərləri 12 Avq 2020 11:28:00 161 0

Bakıda motosiklet bazarı  Harda, necə, neçəyə?  FOTO

Bakıda avtomobilləri alıb-satmaq üçün maşın bazarı olsa da, motosikletlərin satıldığı belə, xüsusi məkan yoxdur

Şəhərdə ikitəkərlilərin sayı getdikcə artır. Sürücülük vəsiqəsi tələb etməyən mopedlərin kreditlə satışı Bakıda moped sürücülərinin daha da artmasına gətirib çıxarır. Tıxaclardan yorulan avtomobil sürücüləri də yay aylarında motosikletlərə üstünlük verirlər. Hətta bəzən işıqforda o qədər ikitəkərli olur ki, şəhər Bombeyi xatırladır.

Bəs Bakıda motosikletləri hardan və neçəyə almaq olar?

Bakıda avtomobilləri alıb-satmaq üçün maşın bazarı olsa da, motosikletlərin satıldığı belə, xüsusi məkan yoxdur. Mopedlər və motosikletlər firma olaraq xüsusi servislərdə satışa çıxarılır. Əvvəllər Bakıda bir neçə brendin ( Yamaha, Ducati ) satış mərkəzləri mövcud olsa da, hazırda həmin servislər də bağlanıb.

Motosikletlərin qiyməti isə növünə, mühərrikinin həcminə, görünüşünə və xüsusiyyətlərinə görə dəyişir. Əksəriyyət motosikletin ucuz olduğunu düşünsə də, avtomobillərdən xeyli baha qiymətə satılan motosikletlər də var. Burada əsas məqam motosikletin ili, markası və başqa xüsusiyyətləridir. Hazırda Bakıda sürücülük vəsiqəsi tələb edən motosiklet almaq üçün minimum 2500 AZN pul lazımdır.

Bakıda 2020-ci ildə istehsal olunan motosikletləri satan bir neçə mağaza var ki, onlardan biri Nobel prospektində yerləşən MotoPro-dur. Bura həm də digər motosikletlərin təmir mərkəzidir. MotoPro-da əsasən, Hindistanın istehsalı olan yeni model "Bajaj" markalı motosikletlər satılır. Motosikleti sürməyi bacarmayan şəxslər üçün burada təlimlər də təşkil olunur.

Yeni motosikletlər satan mağazalardan ikincisi Venesiya şadlıq sarayının yaxınlığında yerləşən "Motobiker" satış mərkəzidir ki, burada motosikletlərlə yanaşı, dəbilqələr, moto geyim və başqa vasitələr də satılır. "Motobiker" mağazasında Çin istehsalı olan "Zongshen" və Hindistanda istehsal edilən İtaliya brendi olan "Benelli" motosikletləri satışa qoyulub.

Yeni modellərin satıldığı mağazalara "Suzuki Azərbaycan"ı da misal çəkmək olar. Burada adından da göründüyü kimi "Suzuki" brendinin motosikletləri və mühərrikinin həcmi 150 kub santimetr olan, Çin istehsalı "Haojue" modelləri alıcılara təqdim edilir.