Öz dəfnindən iki gün sonra evinə qayıdıb


Digərləri 12 Avq 2020 08:07:00 146 0

Öz dəfnindən iki gün sonra evinə qayıdıb

Hindistanın Kampur şəhərinin sakini Əhməd Həsən öz dəfnindən iki gün sonra evinə qayıdıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qəribə hadisə avqust ayının əvvəlində baş verib. Əhməd Həsən həyat yoldaşı ilə mübahisədən sonra evini tərk edib. Kişinin qayıtmadığını görən qohumları onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Avqustun 5-də hüquq-mühafizə orqanları görünüşünə görə Əhməd Həsənə bənzəyən cəsəd aşkarlayıb. Həyat yoldaşı və qardaşları cəsədin qohumlarına məxsus olduğunu təsdiqləyiblər. Dəfn mərasimi elə həmin gün baş tutub.

Lakin iki gün sonra Əhməd Həsən evinə qayıdıb. Hadisədən qorxuya düşən qonşularının çağırdığı polis əməkdaşları onu şöbəyə aparıb.

O, polisə verdiyi ifadədə həyat yoldaşı ilə mübahisədən sonra çalışmaq qərarına gəldiyini və zavodlardan birinə işə düzəldiyini deyib. İlk maaşını alaraq geri qayıdan kişi evində heç kimi tapa bilməyib. Əhməd Həsən öz dəfni barədə yalnız polis idarəsində xəbər tutub.