Dadlı və faydalı quru meyvələri necə seçək?


Digərləri 11 Avq 2020 18:37:00 161 0

Dadlı və faydalı quru meyvələri necə seçək?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.

Son.az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzu isə sağlamlıq üçün təzə meyvələr qədər faydalı sayılan quru meyvələr haqqındadır.

Təbii, lətli, təzə meyvələr kimi quru meyvələr də süfrəmizin və ağız dadımızın əvəzolunmaz ləzzətlərindəndir. Qurudulmuş meyvələr ilboyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Bu meyvələr özündə B qrupu vitaminləri, dəmir, natrium, kalium, maqnezium, pektin, yod kimi vitamin və elementləri ehtiva edir. Quru meyvələrin tərkibində sellüloz maddəsi vardır ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. Bütün bunlar ürək, beyin, sinir sistemi və əzələlərin fəaliyyətinə müsbət təsir edir, qan təzyiqini normallaşdırır. Quru meyvələrin tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha artıqdır. İstehsal texnologiyasının tələblərinə düzgün riayət edildiyi halda, quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır. Meyvələri qurutma üsulu onların tərkibindəki suyun miqdarının azaldılmasına gətirib çıxarır. Meyvələr qurudulduqda onların tərkibində nəmlik 18-25 %-ə qədər azalır. Məhsulun tərkibində su az olduqda mikroorqanizmlər zəif inkişaf edir və ya inkişafdan qalır ki, bu da quru meyvələrin uzun müddət saxlanmasına şərait yaradır. Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır, lakin bu şəkər insan sağlamlığı üçün təhlükəli deyil.

Meyvələr təbii və süni yolla qurudulur. Təbii üsula günəş və kölgədə qurutma, süni üsula isə temperatur və kimyəvi emal yolu ilə qurutma aiddir. Qeyd olunan üsulların hər birinin öz üstünlüyü və çatışmayan cəhətləri vardır. Günəş şüaları altında meyvələr tez quruyur. Bu qurutma üsulu ekoloji cəhətdən təhlükəsizdir və meyvənin bütün faydalı xüsusiyyətlərinin qorunub saxlanmasına imkan verir. Lakin bu üsulla qurudulmuş meyvələr bir qədər sərt olur. Kölgədə qurudulmuş meyvələr ekoloji cəhətdən təhlükəsiz, vitamin və mikroelementlərlə çox zəngin, həm də şirəli olur. Lakin meyvələrin kölgədə qurudulması uzun zaman tələb edir. Kimyəvi üsullarla emal edilmiş meyvələr isə uzun müddət saxlanılır, zərərvericilər tərəfindən az zədələnir, cəlbedici əmtəə görünüşünə və parlaq rəngə malik olur. Lakin bu yolla qurudulma düzgün tətbiq edilmədikdə meyvələrdə toksiki kimyəvi maddələr və konservantlar, eləcə də boya maddələri ilə çirklənmələr baş verə bilir.