Masallıda yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb


Siyasət 11 Avq 2020 14:56:00 152 0

Masallıda yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Son.az