Azərbaycanda süni intellekti necə inkişaf etdirmək olar?


Digərləri 11 Avq 2020 10:01:00 167 0

Azərbaycanda süni intellekti necə inkişaf etdirmək olar?

Azərbaycanda gənc nəslin proqramlama və ixtira fəaliyyətlərinə dəstək verilməli, onların süni intellektə qatqı verə biləcək layihələri maliyyələşdirilməlidir.

Son.az bildirir ki, bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, süni intellektin inkişafı məqsədilə orta məktəblərdə robotexnika və kodlama dərsləri tədris edilməlidir.

Ekspert qeyd edib ki, şagirdlərin proqramlaşdırma bacarıqları inkişaf etdikcə süni intellekt sahəsində bacarıqları da inkişaf edəcək. Eyni zamanda, ali təhsil ocaqlarında və AMEA- da süni intellekt ixtisasları üzrə kadr hazırlanmalı və bu sahə üzrə tədqiqatlara grantlar verilməlidir: "Unutmamalıyıq ki, sahib olduğumuz insan kapitalı təbii sərvətlərimizdən daha dəyərlidir. Bu kapitalın inkişafı üçün vacib olan bütün addımlar atılmalıdır".

Süni intellektin insan məntiqini informasiya hesablama texnologiyalarında tətbiq etmək məqsədilə yaradılan dəqiq elm sahəsi olduğunu xatırladan E.Süleymanov qeyd edib ki, süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, iqtisadiyyat, psixologiya, optimallaşdırma, məntiq və bir sıra başqa sahələri əhatə edir. Süni intellekt təbiət elmləri və mühəndislikdən başlayaraq, bir çox sahədə geniş şəkildə istifadə olunur: "Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilir. Müasir dünyada kompüterlərin insan beyni kimi fəaliyyət göstərməsinə imkan verən süni intellektin mürəkkəb innovativ texnologiyası sosial həyatımızın müxtəlif sferalarına inteqrasiya edərək cəmiyyətin innovativ inkişafında mühüm rol oynayır. Hazırda dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələri süni intellektə əsaslanan yüksək innovativ texnoloji məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün külli miqdarda maliyyə vəsaiti sərf edir. Son illər telekommunikasiya, elektron ticarət, nəqliyyat, səhiyyə, maliyyə və digər istehsalat sahələrində olduğu kimi, artıq innovativ sahibkarlıq sahəsində də süni intellekt məhsullarının tətbiqinə geniş yer verilir".

Süni intellektin informasiya texnologiyaları sahəsinin mövcud istiqamətləri arasında ən çox gəlir gətirən sahələrdən biri olduğunu deyən E.Süleymanov bildirib ki, süni intellektin inkişafı ölkələrin iqtisadiyyatında diversifikasiyanın gücləndirilməsinə təkan verir: "Süni intellekt proqramlarını danışa və hərəkət edə bilən robot kimi hər gün qarşımızda görməsək də, gündəlik həyatımızda həmin texnologiyadan istifadə edirik. Bu elm aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunur. Süni intellekt böyük vaxt tələb edən məsələlərin həllində effektivdir, o, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir. Süni intellekt tətbiq olunan zaman xətaların başvermə ehtimalı yoxdur, eləcə də ondan kosmos və okeanın dərinliklərinin araşdırılmasında istifadə edilir".