“Toshiba” noutbuklar bazarını tərk edib


Digərləri 11 Avq 2020 08:21:00 178 0

“Toshiba” noutbuklar bazarını tərk edib

Yaponiyanın "Toshiba" korporasiyası "Dynabook" şirkətində malik olduğu payını sataraq noutbuk istehsalı üzrə biznesi tam tərk edib. Bu barədə "The Register" portalının məlumatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki,  "Toshiba" noutbuklar bazarında ilk istehsalçılardan olub. Belə ki, Yaponiya korporasiyasının ilk qurğusu 1985-ci ildə buraxılıb. 1990-cı illərin sonunda və 2000-ci illərdə "Toshiba" yalnız noutbuklar buraxmaqla lider fərdi kompüter istehsalçıları sırasında yer alıb.

Sonradan noutbuk bazarında əsas yerləri "Dell", "HP", "Apple" və "Lenovo" şirkətlərinin tutması ilə əlaqədar "Toshiba" 2018-ci ildə noutbuk istehsalı üzrə bölmənin səhmlərinin əksər hissəsini digər Yaponiya istehsalçısı - "Sharp" şirkətinə satıb.

"Sharp" şirkəti "Dynabook" brendli noutbukların buraxılışına başlasa da, "Toshiba" bu şirkətin səhmlərinin 19,9 faizinə sahib olub. 2020-ci ilin avqustunda "Toshiba" bu payını "Sharp" şirkətinə satmaqla noutbuk istehsalı üzrə biznesi tam tərk edib.