Yenidən stresli, çətin günlərin gəlməməsi üçün...


Digərləri 10 Avq 2020 12:28:00 145 0

Yenidən stresli, çətin günlərin gəlməməsi üçün...

Yoluxma sayının artması isə yenidən stresli, ağrılı, çətin günlərin geri qayıtması deməkdir

Uzun müddətdən sonra Azərbaycanda koronavirusa yoluxma sayı ikirəqəmliyə düşüb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən gün 87 nəfərin test nəticələri müsbət çıxıb, 308 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib. Ekspertlərin fikrincə, bu rəqəmlər Azərbaycanda iki aya yaxındır ki tətbiq edilən sərt karantin rejiminin nəticəsidir.

Bütün bu rəqəmlər, hazırkı epidemioloji vəziyyət nəzərə alınaraq ölkədə karantin rejimi xeyli yumşaldılıb. İri ticarət mərkəzləri istisna olmaqla bir sıra obyektlərin açılması, çimərliklərə girişin bərpa olunmasını buna misal çəkmək olar. Artıq bu gündən etibarən yüzlərlə insan işə çıxıb. Bu da normal olaraq ictimai nəqliyyatda, parklarda, dayanacaqlarda sıxlığın artmasına səbəb olub.

Dayanacaqlarda polis nəzarətinin azalmasını fürsət bilənlər avtobusa maskasız halda minərək, özlərinin və başqalarının həyatları üçün təhlükə yaratmaqdan çəkinmirlər. Onların arasında avtobusa mindikdən sonra maskasını çıxaranlar da az deyil.

Bununla yanaşı, ötən gün Bakı sakinlərinin, demək olar, yarıdan çoxunun çimərliklərə üz tutması, təbii olaraq, sıxlığa səbəb olub. Çimərliklərdəki adam sayına xüsusi şəkildə nəzarət olunsa da, vətəndaşların bir qisminin qaydalara riayət etməməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif kadrlar yayılıb. Hətta "cimerlik.az" saytında qeydiyyata düşməyən bəzi vətəndaşlar çimərliyə giriş limitinə nəzarət edən könüllülərə də iradlarını bildirib, özlərini haqlı çıxartmağa çalışıblar.