Həzrət İsa Həzrət Adəmdən neçə il sonra dünyaya gəlib?


Digərləri 09 Avq 2020 20:45:00 215 0

Həzrət İsa Həzrət Adəmdən neçə il sonra dünyaya gəlib?

Həzrət İsa (ə) Ulul-əzm peyğəmbərlərdən biridir ki, ləqəbi Məsihdir ki, mənası mübarək deməkdir.

Həzrət İsanın (ə) adı Quranda 25 dəfə, ləqəbi isə 13 dəfə işlənmişdir. Həzrət İsa (ə) Həzrət Adəmdən (ə) 5585 il sonra və İslam peyğəmbərinin (s) besətindən 500 il əvvəl Kufə diyarında Fəratın kənarında dünyaya gəlmişdir. Anası Həzrət Məryəm (s.ə) fəzilətli və təqvalı xanımlardan idi. Həzrət Məryəmin (s.ə) adı isə Quranın 12 surəsində və 34 ayədə bəyan edilmişdir. (İslami saytlara istinadən)

Həzrət İsa (ə) körpə vaxtı insanlarla danışmış və böyüyən zaman ölüləri diriltmək kimi möcüzələr etmişdir. O, 30 yaşında peyğəmbər olmuşdur. Bəni-İsrayili Təkallahlığa dəvət etmişdir. O, Ulul-əzm peyğəmbərlərdən olmuş və səma kitabına malik olmuşdur. 35 yaşı olan zaman yəhudilər onu öldürmək üçün plan cızırlar. Ancaq Allahın iradəsi ilə səmaya qalxır və Həzrət Məhdinin (ə.f) zühuru zamanı yerə enəcəkdir.

Onun haqqında nazil olan bəzi ayələrə nəzər salaq:

"Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik". ("Bəqərə" 87).

"(Ey möminlər) deyin: "Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik". ("Bəqərə" 136).

"Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu "Ruhul-Qudus" ilə qüvvətləndirdik". ("Bəqərə" 253).

"(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: "Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun "ol" deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır"". ("Ali-İmran" 45).

"Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: "Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?". Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: "Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq"". ("Ali-İmran" 52).