Xəzərin sahil əraziləri tullantılardan təmizlənib


Digərləri 08 Avq 2020 19:43:00 144 0

Xəzərin sahil əraziləri tullantılardan təmizlənib

Bu gün, avqustun 8-də "Xəzər Günü" ərəfəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, "EkoSfera" Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və ekokönüllülər Xəzər dənizinin sahilboyu ərazilərinin təmizlənməsi aksiyasında iştirak ediblər.

Aksiyada 10 hektara yaxın ərazi tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi facebook səhifəsində məlumat yayıb.

Xatırladaq ki, hər il yerli təbiətsevərlər, ekoloqlar, xarici ölkələrin diplomatik nümayəndəlikləri Xəzər dənizi sahillərini plastik qablardan və tullantılardan təmizləmək üçün aksiyalar keçirir.

"Xəzər Günü" hər il avqustun 12-də keçirlir. Bu gün Xəzər dənizinin dəniz ətraf mühiti ilə bağlı konvensiyasının imzalanması ilə bağlıdır.

"Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" beş Xəzəryanı dövlət arasında təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.