Çörəkdə olan ən təhlükəli kif göbələyi: Kifli çörəyi yedikdə nə baş verir?


Digərləri 08 Avq 2020 19:45:00 150 0

Çörəkdə olan ən təhlükəli kif göbələyi: Kifli çörəyi yedikdə nə baş verir?

Çörək karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır.

Bu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aparıcı mütəxəssisi Vüsal Qocayevin çörəkdə yaranan kif göbələyi barədə hazırladığı məqalədə bildirilib.

Mütəxəssis bildirib ki, bu cür hallar vaxtı keçmiş, keyfiyyətsiz çörəklərdə olur. Belə kiflər insan sağlamlığı üçün çox təhlükəlidir: "Bəzən bir sıra istehsalçılar yeni partiya çörək-bulka məmulatlarının istehsalı zamanı xəmirin tərkibinə vaxtı ötmüş, xarab olmuş, qurumuş məhsul qatırlar. Bu, yolverilməz haldır. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün".

Qeyd olunub ki, çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur:

Yaşıl - yalnız isti mühitdə çoxalır. Bu növ göbələklərə əsasən çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir.

Qara - əsasən çörək-bulka məmulatlarında rast gəlinir. Bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir.

Çəhrayı - əsasən çörək qırıntılarında özünü göstərir. Bu növ göbələkləri kartof xəstəliyi də adlandırırlar. Yoluxma dənli bitkilərin yetişdirilməsi mərhələsində yaranır.

Ağ - insan sağlamlığı üçün çox təhlükəlidir. Taxta materialdan olan çörək dolablarında, arakəsmələrdə, rəflərdə aktiv şəkildə çoxalır.

Boz - göbələyin ən zəhərli növü sayılır. Kif istənilən mühitdə inkişaf edir. Bütün məhsulun tərkibində bərabər şəkildə yayılır, hətta görünməsə belə.

Çörək-bulka məmulatlarında olan istənilən kif insan sağlamlığı üçün təhlükəlidir. Kifli çörəyi sadəcə, iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə rahat bir şəkildə daxil olsun.

Zəhərlənmənin əlamətləri özünü yaşlı insanlarda, uşaqlarda və hamilə qadınlarda daha kəskin göstərir. Çörəkdə kif yaranmasının bir neçə səbəbi vardır:

-istehsal zamanı sanitar normalara riayət olunmaması;

-məhsulun düzgün şəraitdə saxlanılmaması;

-çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması;

-çörəyin yarıçiy bişirilməsi.