2006cı ildən etibarən Xəzərin səviyyəsi enir RƏSMİ


Digərləri 08 Avq 2020 10:21:00 162 0

2006cı ildən etibarən Xəzərin səviyyəsi enir  RƏSMİ

Son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi mənfi 29 metr olmaqla, 1977-ci ildə qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik olaraq dəyişmələrin şahidi oluruq:

"Xəzər dənizinin səviyyəsi 1977- ci ildə Baltik Sistemi ilə mənfi 29,00 m olmuşdur ki, bu da son 500 ildə onun ən aşağı səviyyəsi kimi qeydə alınır. Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artmış və 1995-ci ildə ən yüksək səviyyəyə ( -26,50 m BS ) çatmışdır. Bu zaman dənizin səviyyəsi 1977-ci illə müqaisədə 2,50 m yüksək olmuşdur".

U.Tağıyeva qeyd edib ki, 2006-cı ildən etibarən Xəzərin səviyyəsində müntəzəm enmə müşahidə olunur, 2020-ci ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə - 27,90m qeydə alınmışdır.

Xidmət rəisi əlavə edib ki, Xəzər dənizində səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən - onu qidalandıran çaylar və düşən yağıntının miqdarı, həmçinin su səthindən buxarlanma və Qaraboğazqol körfəzinə olan axımdan asılıdır. Bundan əlavə dəniz dibində baş verən tektonik hərəkətlər (yeraltı axınlar və s.) də dəniz səviyyəsinin dəyişməsinə xüsusi təsir göstərir. Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımı dəniz səviyyəsinin dəyişməsində mühüm rol oynayır.