XXI əsrin ən böyük ammonium nitrat partlayışları


Digərləri 08 Avq 2020 08:55:00 170 0

XXI əsrin ən böyük ammonium nitrat partlayışları

"Hiroşima və Naqasakinin atom bombardmanı - bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir", - tarix kitablarında, həmçinin şəbəkə portallarında Hiroşima və Naqasakinin atom bombardmanı haqqında yazılan ilk cümlədir. Bu cümlədəki "ilk" və "yeganə" sözləri xüsusilə vurğulanıb. İkinci Dünya müharibəsinin sonlarında ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilən bombardman fəlakəti yeganədirmi? Faktiki tərəfdən yanaşsaq, bəli, bu, dünya tarixində yeganə atom bombardmanıdır. Amma həmin fəlakətlə müqayisə ediləcək bir çox hadisələr baş verib.

Məlum olduğu kimi, avqustun 4-də Beyrut şəhərinin (Livan) dəniz limanında güclü partlayış baş verib. 150-yə yaxın ölən, minlərlə yaralı, onlarla itkin düşən var. Limanın yaxınlığında yerləşən bir neçə binanın fasadı uçub, yaşayış evləri və iaşə obyektləri zədələnib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa səbəb gömrük xidmətləri tərəfindən 2013-cü ildə müsadirə olunmuş və anbarda saxlanılmış 2,7 min ton ammonium nitratın detonasiyası olub.

Son.az ted.az-a istinadənn 2000-ci ildən bəri ammonium nitratın ən böyük partlayışlarının xronologiyasını hazırlamışıq:

Ammonium nitrat azot turşusunun ammonium duzudur. Ammonium nitrat mineral gübrədir, həmçinin partlayıcı maddələrin komponenti kimi istifadə olunur.

XXI əsrdə sözügedən kimyəvi maddə bir çox ölkədə dəhşətli gücünü göstərib.

Fransa

21 sentyabr 2001-ci ildə Tuluza şəhərində (Fransa) "Grande Paroisse" şirkətinin "azote Fertilisant" (AZF) gübrə zavodunda 300 ton ammiak selitrası (ammonium nitrat) ilə dolu anbar partayıb. Partlayış 3-4 dərəcəli zəlzələ ilə müqayisə edilən torpaq silkələnməsinə yol açıb. Episentrdən 700 metr radiusda bütün binalar tamamilə məhv olub.

Nəticədə 10 mindən çox adam yaralanıb, 21-i zavod işçisi olmaqla 31 nəfər həlak olub. Xəsarət alanların və müvəqqəti mənzildən məhrum olanların ümumi sayı 85 min nəfəri ötüb. Bu iş üzrə istintaq təxminən səkkiz il davam edib. Müstəntiqlər, fəlakətin müəssisənin anbarında kimyəvi maddələrin diqqətsiz saxlanılması nəticəsində meydana gəldiyi qənaətinə gəliblər. 2012-ci ildə Tuluza Apellyasiya Məhkəməsi AZF zavodunun keçmiş direktoru Serj Bieşleni qərəzsiz ölümə səbəb olma və obyektlərin qərəzsiz dağıdılması ilə bağlı təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edilib. "Grande Paroisse" şirkəti 225 min avro məbləğində cərimə edilib. 2015-ci ildə kassasiya məhkəməsi Bieşlen haqqında verilən hökmün düzgün olmadığını elan edib, onu ləğv etməyi qərara alıb.

Şimali Koreya

22 aprel 2004-cü ildə Rönçxon (Şimali KXDR) şəhərində dəmir yolu stansiyasında 2,6 min volt gərginlikli elektrik kabel qırılaraq ammonium nitrat ilə dolu yük vaqonuna düşüb. Nəticədə partlayış baş verib, daha sonra isə yanan vaqonun yanında olan selitra və benzinlə dolu 4 vaqon partlayıb.

Güclü partlayış 161 insanın, o cümlədən, 76 uşağın ölümünə, 1300 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Vağzala bitişik olan şəhərin bir hissəsi dağılıb. 2004-cü ilin sonuna Rönçxonda 5 mindən çox yaşayış evi və digər tikintilər bərpa olunub.