COVID19un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi


Digərləri 07 Avq 2020 18:28:00 136 0

COVID19un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan elmi tədqiqatlar həyata keçirilib. Azərbaycanlı alim bildirib ki, sözügedən elmi tədqiqatlardan ən mühümü də Almaniyada virusa yoluxan və virusu yüngül keçirən şəxslər üzərində aparılıb:

"Elmi tədqiqatla COVID-19-u yüngül simptomlu keçirən xəstələrin ürəyində virusun təsirindən müxtəlif patoloji dəyişikliklər aşkarlanıb. Elmi tədqiqat virusa yoluxduqdan ortalama olaraq 71 gün sonra 100 xəstə üzərində aparılıb. Tədqiqata daxil edilən şəxslərin 60 faizinin ürək əzələlərində iltihab prosesinin müxtəlif mərhələsində olan dəyişikliklər öz əksini tapıb. Tədqiqatla bir daha sübut olunub ki, COVID-19 virusu insanlarda xəstəliyin ağır keçməsindən və yanaşı xəstəliklərin olmasından asılı olmayaraq ürəkdə fəsadlar əmələ gətirə bilir. Bir daha qeyd etmək istəyirəm ki, tədqiqatda qeyd olunub ki, yanaşı xəstəliklərin olmasından asılı olmayaraq COVID-19 virusu ürəkdə uzunmüddətli fəsadlar yaradır".

N.Abdullayev qeyd edib ki, tədqiqata daxil edilən koronavirus xəstələrindən 67 nəfəri yüngül simptomlarla ev şəraitində müalicə olunub:

"18 xəstədə kəskin mərhələdə heç bir şikayət qeydə alınmayıb. Cəmi iki xəstə süni tənəffüs cihazına qoşulub. 28 xəstənin isə əlavə oksigen qəbuluna ehtiyacı yaranıb. Bu xəstələrin sağaldıqdan sonra 36 faizi ümumi əzginlikdən və təngnəfəslikdən əziyyət çəkdiyi, 17 nəfərin isə döş qəfəsində yüngül ağrıların olduğu müəyyən olunub".