Pandemiyaya qarşı yeni tədbirlər Avstraliyaya 1012 milyard dollara başa gələ bilər


Dünya 07 Avq 2020 16:51:00 112 0

Pandemiyaya qarşı yeni tədbirlər Avstraliyaya 1012 milyard dollara başa gələ bilər

Viktoriya ştatında koronavirus pandemiyasına qarşı yeni tədbirlər Avstraliya iqtisadiyyatına 10-12 milyard Avstraliya dollarına (7,1-8,6 milyard ABŞ dolları) başa gələ bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib.

Baş Nazirin rəsmi saytında bu barədə yayılan məlumatda deyilir: "Viktoriya ştatında ümumi daxili məhsula (ÜDM) tətbiq olunan üçüncü və dördüncü dərəcəli birgə məhdudiyyətlər 10-12 milyard Avstraliya dolları həcmində qiymətləndirilir ki, bu da öz növbəsində ölkə üzrə ÜDM-in ümumi inkişafının üçüncü rübdə 2,5 faiz aşağı düşməsinə səbəb olacaq".

Baş nazir əlavə edib ki, Viktoriyada baş verənlər yalnız ştatın deyil, ümumiyyətlə ölkənin iqtisadiyyatına dağıdıcı zərbə vurur.

Xatırladaq ki, avqustun əvvəllərində Viktoriya hökuməti ştat ərazisində fəlakət rejimi elan edib. Onun sentyabrın 13-dək qüvvədə olacağı bildirilir. Həmin müddət ərzində ştat sakinlərindən daha çox evdə qalmaq, yalnız ərzaq və digər ilkin tələbat malları almaq, təhsil və ya işlə bağlı evlərini tərk etmək tələb olunur. Bundan əlavə, ştatın mərkəzi şəhəri olan Melburnda komendant saatı elan olunub.