Dövlət şirkətlərinə necə nəzarət ediləcək?


Digərləri 07 Avq 2020 15:32:00 184 0

Dövlət şirkətlərinə necə nəzarət ediləcək?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən Azərbaycan İnvestisiya Holdinqinin nizamnaməsini təqdim edir:

1.1. Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra - AİH) onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra - dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. AİH öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.