"Prezident ölkənin iqtisadi inkişafı üçün yeni bir mənbə yaratmaq haqqında çox ciddi düşünür"


Siyasət 07 Avq 2020 14:58:00 147 0

"Prezident ölkənin iqtisadi inkişafı üçün yeni bir mənbə yaratmaq haqqında çox ciddi düşünür"

"Sosial sahədə ilin əvvəlindən müəyyənləşmiş layihələrin heç birinin ixtisara salınmaması ölkənin sosial siyasət kursunda ardıcıl olduğunu göstərdi"

"Sonuncu müşavirədə Azərbaycan Prezidenti həm ilin ilk 6 aylıq yekunlarına baxmaq nöqteyi nəzərindən, həm də koronavirusla mübarizə dövründə ölkənin əldə etdiyi sosial-iqtisadi nəticələrlə bağlı çox maraqlı təhlillər apardı". 

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, pandemiya dövründə sosial siyasətin davam etdirilməsi sahəsində nəticələr, uğurlar göz qabağındadır:

"Bu faktlar və təhlillər bir daha rəy yaradır ki, 6 ayda Azərbaycanın dövlət strukturlarının bütün istiqamətlərdə fəaliyyəti əvvəlki dövrlərdə seçilmiş kursun davamı olmaq etibarı ilə yaranmış şəraitə uyğun yeni istiqamətlər də kəsb edib. Xüsusilə də sosial və iqtisadi sahələrdə əldə olunmuş nailiyyətlər oxşar vəziyyətlərdə olan istənilən bir ölkəylə müqayisədə çox təqdirəlayiqdir. Sosial siyasətin davam etdirilməsi sahəsində nəticələr, uğurlar gözqabağındadır. Təkcə onu demək kifayətdir ki, həm koronavirusla mübarizə dövründə iqtisadi fəallığın aşağı düşməsi, həm də neftin qiymətinin aşağı düşməsi səbəbiylə iqtisadiyyatın artımına mənfi təsirlər olmağına baxmayaraq, amma yenə də iqtisadi inkişaf templəri nöqteyi nəzərindən Azərbaycan bütün ölkələri üstələyib. Məsələn, Prezidentin çıxışından biz bir daha əmin olduq ki, başqa ölkələrdə ən müxtəlif səbəblər, xüsusilə də koronavirus təsiriylə iqtisadi tənəzzül daha böyük, hətta iki rəqəmli hədlərlə ölçüldüyü halda bu Azərbaycanda 2.7%-ə bərabər olub. Yəni, hətta əhalisi, ərazisi, təbii ehtiyatları və dünyanın siyasi-iqtisadi inteqrasiya sistemlərində mövqeləri Azərbaycandan qat-qat güclü və çoxillik olan bəzi ölkələrdə iqtisadi tənəzzül hətta 10-15%-dən yuxarı olmuş olduğu halda Azərbaycanda cəmi 2,7% olması çox müsbət bir nəticədir. Həm də onu göstərir ki, bu illər ərzində aparılan islahatlar və struktur dəyişiklikləri nəticəsində ölkənin dayanıqlı iqtisadiyyatının əsasları yaradıla bilib. Sosial sahədə ilin əvvəlindən müəyyənləşmiş layihələrin heç birinin ixtisara salınmaması ölkənin həm sosial siyasət kursunda ardıcıl olduğunu göstərdi, həm də iqtisadi potensialın imkan verdiyi səviyyədə, ən səmərəli şəkillərdə sosial sahələrə diqqət yetirilməsini ortaya qoydu".

Ekspert qeyd edib ki, sadəcə keçən il müharibə əlillərinə və şəhid ailələrinə 934 mənzil verilib, bu il isə bu mənzil verilənlərin sayı 1500-ə çatıb:

"Heç bir sosial layihənin ixtisara salınmaması əhalinin ən müxtəlif təbəqələrinə sosial dəstəyin göstərilməsi, sosial rifaha və məşğulluğa dövlət dəstəyinin ifadə edilməsi, ehtiyacı olanlara on minlərlə insanlara pulsuz mənzillərin verilməsi, tənha insanlara ərzaq yardımın göstərilməsi, şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması, milyon yarımdan artıq insanlara hətta işləmədiyi halda dövlət və özəl sektorda əmək haqqının 80%-dən çoxunun dövlət hesabına ödənməsi, iş adamlarına, sahibkarlara ölkə iqtisadiyyatının çökməməsi və inkişaf tempinin qorunub saxlanması üçün göstərilən zəruri dəstəklər və s. bunlar Azərbaycanın bu ağır koronavirus dövründə də özünü itirmədiyini və məqsədyönlü, sistemli fəaliyyət göstərdiyini bir daha ortaya qoydu. Sadəcə keçən il müharibə əlillərinə və şəhid ailələrinə 934 mənzil verilib, bu il isə bu mənzil verilənlərin sayı 1500-ə çatıb. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə daha 946 mənzilin verilməsi planlaşdırılıb".

"Dövlət şirkətləri ilə bağlı cənab Prezidentin ifadə etdikləri olduqca əhəmiyyətlidir. Həm indiyə qədər gedilmiş yolda dövlət şirkətlərinin aldıqları və dövlətə verdiklərinin hesabatını tutmaq nöqteyi nəzərindən, həm də onları yeni bir inkişaf mərhələsinə, yeni dövrə çıxarmaq baxımından çox əhəmiyyətlidir. Yəqin ki, dövlət şirkətləri öz fəaliyyətlərində əsaslı bir dönüş yaratmaq haqqında düşünəcəklər və həqiqətən də çox ağrılıdır ki, dövlət şirkətləri bütün şeyləri dövlətin büdcəsi hesabına etdikləri halda nə üçün heç olmasa vergi formasında dövlətə önəmli ödənişlər edə bilməsinlər?! Prezident özəlləşmənin yeni mərhələsinin artıq başlandığını bəyan etdi. Həm də çox maraqlıdır ki, artıq bu mərhələdə, eyni zamanda sovet dövründən qalmış və bu gün istifadəsiz vəziyyətdə olan bir sıra dağılmış obyektlərin məhz özəlləşmə xətti ilə həm də xarici kapitalın fəal iştirakı ilə özəllşməyə açılması ondan xəbər verir ki, Prezident ölkənin iqtisadi inkişafı üçün yeni bir mənbə yaratmaq haqqında çox ciddi düşünür. Doğurdan da yarıtmaz fəaliyyət göstərən köhnə şirkətlərin, sovet dövründən qalmış, dağılmış obyektlərin  yenidən həm daxili, həm də xarici kapitalın birgə iştirakı ilə hərəkətə gətirilməsi ölkəmizin iqtisadiyyatı üçün çox önəmli bir inkişaf mənbələrindən biri olacaqdır. İctimai nəzarətin təşkili sahəsində Prezidentin dedikləri bu proseslərə ictimaiyyətin də böyük dəstək verməsi üçün yeni imkanların açılmasını vəd edir. Eyni zamanda bir daha göstərir ki, indiyə qədər Prezidentin apardığı siyasət həm xaqın mənafelərinə uyğun olub, xalqın rifahına müsbət təsir göstərmək məqsədinə xidmət edib, həm də bundan sonra aparılacaq proseslərdə xalqın gücünə, ictimaiyyətin nəzarətinə söykənmək iradəsini bir daha ortalığa qoyur. Ümumən, pandemiya ilə mübarizə dövründə Azərbaycanın həyata keçirdiyi sosial-iqtisadi siyasət öz nəticələrinə və miqyasına görə çox əhatəlidir və Azərbaycan dövlətinin perspektiv inkişaf tələblərinə tam cavab verir", - Aydın Quliyev bildirib.

Təhməz Təkin Son.az