"Bizdə öpüşmə səhnəsinə çəkilmək üçün gərək küçə qızı olasan"


Şou-biznes 07 Avq 2020 12:44:00 199 0

"Bizdə öpüşmə səhnəsinə çəkilmək üçün gərək küçə qızı olasan"

"Yataq təklifini rejissorlar bilirlər hansı aktrisaya edirlər"

Son.az gənc aktrisa Gülşən Hüseynli ilə müsahibəni təqdim edir:

Həmyaşıdlarınız arasında özünüzə rəqib gördüyünüz aktrisa var?

- Heç kimi rəqib görmürəm. Mən nə istedadda yaşıdlarımdan heç kəsi özümdən üstün saymıram, nə də xarici görünüş cəhətdən. Çünki mən 12 yaşımdan bu işin içindəyəm. Artıq neçə illərdir ki, mən səhnənin tozunu uda-uda böyümüşəm. 

Pərvin Abıyevanı rəqib hesab etmək olar sizə?

- Pərvinlə biz filmdə də çəkilmişik. Tanışlığımız da var, normal münasibətimiz də var. Amma, ümumiyyətlə, aktrisalardan həmyaşıdlarım arasında kim olursa olsun, heç kəsi özümə aktrisa kimi rəqib görmürəm. Hamısının xətrini çox istəyirəm. Mənim münasibətim pis olan bir aktrisa yoxdur. 

 Ailədə aktrisa olmağınıza qarşı çıxan olub?

- Atam heç vaxt istəməyib aktrisa olum. İstəyirdi ki, məni tamamilə başqa bir sahədə, müəllimə kimi görsün. Atamın bu arzusuna görə mən Pedaqoji Universitetdə hətta ikinci ali təhsil də aldım. Sırf atamın ürəyi istəyir deyə mən universitetin İbtidai Sinif Müəlliməliyi fakültəsini də bitirdim. Amma yenə də öz istədiyim sahəyə, aktrisalığa üz tutdum (gülür). Atam gördü ki, mən bu işdə özümü doğrulduram. Bəzi aktrisalar kimi pul verib çəkilmirəm, pulsuz da çəkilmirəm, rejissorla şəxsi münasibət qurub, ona görə də çəkilmirəm, hansısa daydayın "şotuna" da çəkilmirəm. Mən öz istedadıma görə dəvət alıram. Mənim bir dənə daydayım var, birdənə sponsorum var, o da Allahdır. Başqa heç kəs yoxdur mənə dəstək olan. Bir dənə "həcim" var, o da Allahdır. Arxamdan məni heç kim itələməyib ki, "Get irəli, mən sənə dəstəyəm, ay Gülşən. Filankəslə danışmışam, get, səni filan filmə salacaqlar".  

Səhnədəki yerinizdən özünüz razısınız?

- Azərbaycanda istədiyim mövqedəyəm. İstəyirəm ki, artıq bundan sonra xarici ölkələrdə öz potensialımı göstərim. Çünki burada bundan artıq irəli getmək olmur. Mən aktrisaya rol vermək üçün onunla yaxınlıq etmək istəyən rejissorlar tanıyıram. Mənə elə təkliflər olmayıb. Heç vaxt heç bir rejissor mənə deməyib ki, "Mən sizi filmə çəkim, siz də mənimlə münasibət qurun. Qarşılığında sizi qabağa çəkəcəm". Mənim başıma elə bir şey gəlməyib ki, nəyinsə qarşılığında mənə filmə çəkilmək təklifi etsinlər. Bilirsiniz nəyə görə?! Çünki bu aktrisaları rejissorlar çağıranda bilirlər ki, kimi çağırırlar, bu təklifi kimə edirlər. Bakı balaca şəhərdi, kimin nə etdiyi, kimin hansı işlə gündəmə gəldiyi göz qabağındadır. Mənim haqqımda indiyənə qədər şəxsi həyatımla bağlı qalmaqallı bir xəbər çıxmayıb, həmişə işimlə yaxud da ki, kimlərəsə iradlarımla gündəmə gəlmişəm. 

Şəxsi həyatınızda təklik hökm sürür, yoxsa...?

- Gəncəm, gözələm. Məni istəyən insanlar çoxdur. Ətrafımda kişilər çoxdur, hansı ki, mənə diqqət göstərmək istəyənlər, mənimlə sevgili olmaq istəyənlər. Eşq təklifləri çox olur. Bu da mənə artıq seçim etmək imkanı verir. Mən artıq seçirəm, bu yox, o yox, bu yox. Mən demirəm ki, düz edirəm. Çünki əvvəl-axır bir insanı sevib, seçib, ailə həyatı qurmaq lazımdır və bu haqda düşünürəm ki, bu illəri ailə həyatı qurum. Deməzdim kimisə bəyənirəm, sevirəm, kimsə var həyatımda. Amma düşünürəm ki, təkliflərdən birini dəyərləndirib, məntiqlə yanaşıb ailə həyatı qurum. 

Əks cinsdən sizi təəccübləndirəcək təklif almısınız?

- Bəli, elə təkliflər olub. O insan iş adamıdır. Mənə deyib, necə indi ki, bir çox müğənnilər deyirlər "Biz filankəsin arvadıyıq", məlum olur ki, onun başqa arvadı da var, 3-4 uşağı var. Bu da camaatın kişisin oğurlayıb ki, mən də bunun arvadıyam, yalandan. Bu adla da özlərini ərə getmiş hesab edirlər. Bəli, mənə də belə bir təklif tanınmış bir iş adamı tərəfindən olub. Azərbaycanda da, Moskvada da çox böyük biznesmendir, çox böyük şirkətləri var. Onun ikinci arvadı olmağımı istəyirdi. Mən ona dedim ki, "Sənin övladların var. Mən, ümumiyyətlə, evli insanla birlikdə ola bilmərəm. İkinci olmağı da heç vaxt qəbul etməmişəm. Mənim bir həyat yoldaşım olacaq və mən onun yeganə xanımı olacam". Mən heç vaxt ikinci olmaram, xüsusən də başqasının bədbəxtçiliyi üstündə xoşbəxtçilik qurmaq olmaz.