Manaf Ağayev: "İlhamə Quliyevadan sonra şoubiznes başsız qalıb"


Şou-biznes 07 Avq 2020 07:41:00 146 0

Manaf Ağayev: "İlhamə Quliyevadan sonra şoubiznes başsız qalıb"

Son.az müğənni Manaf Ağayevin PostNews.Az-a müsahibəsini təqdim edir.

- Pandemiya dövründə sənətçilərin sosial vəziyyəti çətindir. Bunun çıxış yolu nədir?

- Bu, ümumi bəladır. Dolanışıq problemini yalnız musiqiçilər yaşamır. Gündəlik işləyənlər və ya heç işləməyənlər var. Yəni ki, mövcud vəziyyət hamı üçün keçərlidir, amma musiqiçilər üçün bir az fərqlidir. Fərqi isə budur ki, 4-5 aydır bir qəpik də pul qazanmamışıq. Üstəlik, arxasınca Məhərrəmlik ayı gəlir. Musiqiçilər üçün bu, ikinci karantindir. Ondan sonra da yanvar-fevral ayları olacaq. Həmin zamanlarda da toylar az olur. Sonra isə Orucluq ayı başlayacaq. Beləliklə, karantin başladığı müddətdən nəzərə alsaq, bir il tamam olur. Bir il ərzində musiqiçilərin toya getməməsi faciədir. Üstəlik hələ müğənnilərdən danışıram. Yenə onların ehtiyyatda pulları var. Amma gündəlik məvacib alan musiqiçilər var ki, onların vəziyyəti yaxşı deyil. Bu, yalnız musiqiçilər üçün yox, dünyadakı hər kəs üçün fəlakətdir. Dövlət başçımız yaxşı söz dedi: "Hamımız bir yerdə güclüyük!" Yəni bu bəlaya dözmək, səbr etmək lazımdır. Düşünməliyik ki, bu, 1941-45-ci illər arası baş verən İkinci Dünya mübaribəsi kimidir. Bir-birimizə kömək etməliyik. Musiqiçilərin vəziyyəti pisdir, amma nə etmək olar? Dövlət kömək etməli deyil ki. Dövlətin də problemləri var. Ümid edirəm ki, tezliklə bu qara bulud üstümüzdən gedər və yenə toylarımız başlayar. Məsələn, dostlarımın çoxu evini, maşınını satışa çıxarıb. Çünki, ödəməli olduqları kreditləri var. Dolana bilmirlər və nə vaxta qədər bu prosesin davam edəcəyini güman edə bilmirik. İnşallah, yavaş-yavaş düzələr.

- Şou biznes nümayəndələri nə etsin? Çıxış yolunu nədə görürsünüz?

- Başqa işlə məşğul olsunlar demək istəyirəm, amma o da alınmaz. Çünki müğənnilərdən ancaq 1-2 nəfərinin başqa sənəti ola bilər. Kimin ağlına gələrdi ki, toylar dayanacaq? Başqa bir iş imkanı olsa, musiqiçilərdən qabaq digər insanlar işləyər. Bir-birimizə dayaq durmalıyıq: qohum-qohuma, dost-dosta. Bu bəladan qurtaraq. Başqa çıxış yolu olduğunu düşünmürəm.

- Həmçinin də ictimai fəalsınız. Xeyriyyəçilik işləri ilə məşğul olursunuz.

- Xeyriyyəçilik üçün büdcə faktoru var. Mən də hamı kimi 200-300 nəfəri sevindirmək istədim. Hərçənd ki, mən həmişə kömək etmişəm. Bu olub, həmişə də olacaq. Təki Allah mənə pul qazanmağı qismət eləsin, mən də kiməsə kömək olum. Bəlkə də kiminsə ruzisidir, mənə qismət olur. Bir çox qəzadan sağ çıxmışam. Fikirləşirəm ki, bəlkə də onların arzu-duasıdır.

- Hal-hazırda neçə ailəyə himayədarlıq edirsiniz?

- Onu dəqiq deyə bilmərəm. Bacılarım, qardaşlarım, bəzi dostlarım olmaqla təxminən 50 nəfərə...

- Musiqiçilər arasında "Rusiya bazarı" deyilən anlayış var. Sizin də bu bazara meyiliniz var. Siz Rusiya bazarına dəstək oldunuz, yoxsa orada yaşayan azərbaycanlılar sizə dəstək oldu?

- Onlar mənə dəstək oldular. Təxminən 20-25 il bundan qabaq, yəni 2000-ci illərin əvvəllərində vəziyyət tamam başqa cür idi. İndi oxumaq çox asanlaşıb. Çünki hamı fonoqram oxuyur. Mən Qarabağlıyam, içdən oxuyuram. O vaxtı məni belə qəbul edirdilər.

Əvvəllər Rusiyada yaşayan azərbaycanlılar imkanlı idilər. Dolların dəyəri düşəndən sonra Rusiyadakıların maddi vəziyyəti buradan da pis günə qaldı. Əvvəllər bir ay ərzində 50 min manat qazananlar, indi 2-3 min manat qazanır. Sonuncu dəfə Rusiyaya nə vaxt getmişəm yadımdan çıxıb. Amma əvvəllər səfərdə olarkən bir ay ərzində 15-20 toya gedirdim. Rusiyada həm kifayət qədər ödəniş olunurdu, həm də həsrətlə baxırdılar ki, Manaf Ağayev gəlib.

Rusiyaya gedən 3-4 müğənni var idi: Məhəbbət Kazımov, Əflatun Qubadov və mən. İndi isə hamı gedir. Məndən əvvəl də gedirdilər, amma biri var 50 toya, biri var 2 toya gedəsən. Mən oranın xalq artistiydim. Bu gün isə sadaladığım səbəblərə görə ayda 1-2 dəfə gedirəm. Çünki imkan yoxdur. Rusiyaya səfər edəndə 10 min dollar xərcin çıxır. Əvvəllər bu da bizim məzənnə ilə 5 min manat edirdi. İndi isə 17 min manat edir. Bunun bileti, otel xərci var. İndi dəvət etməyə imkanları çatmır, amma istəyirlər. Kimsə desə ki, Rusiyada vəziyyət yaxşıdır, bu, yalandır. Bizim ölkəmizdə vəziyyət daha yaxşıdır.

- Manaf Ağayevin adı çəkiləndə niskinli, intizarlı, iztirablı Qarabağ yada düşür. Təbii ki, bu sizin orada dünyaya gəlib, boya-başa çatmağınızdan və ifa etdiyiniz mahnılara daha drammatik yanaşmağınızdan irəli gəlir. Bəs atəşkəs rejmində olan ölkədə şou mütləqdirmi?

- Bu, Qarabağlı olmaqla deyil. İçində vətən sevgisi, həsrəti olmalıdır. Elə adamlar tanıyıram ki, Qarabağlı deyil, amma Qarabağ üçün daha çox ağlayır. Bu günə qədər 16 albom çıxarmışam. Albomların hamısının içində Qarabağ sözünə rast gələ bilərsiniz: "Ağlama Qarabağım", "Ağlama Füzulim", "Vətən həsrəti", "Ay vətən oğlu". Albomların adını xüsusi ilə Qarabağla bağlı qoyuram ki, nə vaxtsa bir erməninin əlinə keçsə, görsün ki, burada Qarabağ adı var. Mənim vətənim Azərbaycandır, amma vətənim Füzuli rayonunun Şıxlı kəndindən başlayır. Mənim vətənimin paytaxtı oradır. Çünki mən doğulduğum kəndi sevməsəm, Azərbaycanı sevə bilmərəm. Vətənpərvərlik gendən gəlir. Bəzən soruşurlar ki, Füzuli alınsa gedərsən? Niyə getməyim axı?! O nə sualdır axı?! Atamı orada dəfn edib, çıxmışam. Onun qəbrinin üstünə gül qoymağa gedə bilmirəm. Nəyinki atam, digər qohumlarımın da qəbri oradadır. Onları da zirayət edə bilmirəm. Ola bilər ki, kimsə Bakıda həm yaşayıb, həm də işləyir, amma Ata Yurduna da gedə bilir.

Qarabağ mövzusu musiqi deyil ki, şou yaradasan. Ötən günlərdə baş verən mitinqdə hər kəs "Qarabağ" qışqıraraq iştirak etdi. Bu, Azərbaycan üçün şərəf idi. Amma orada Milli Məclisə daxil olunmasını təşkil edənlər ölkəni gözdən salmaq istəyənlər idi. Ancaq bacara bilməzlər. Çünki bizim dövlət başçımız var, hamı da onun əmrini gözləyir. Orada 200 min adam mitinqə yığışmışdı, sadəcə olaraq, 10-15 nəfərin bu hərəkəti ürək bulantısı idi. Azərbaycan milləti bunu göstərdi ki, biz buna qadirik. Amma ermənilər ora-bura qaçırlar. Bizdən 7-si ölsə, onlardan 150-si ölür. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amma qanla verilən torpaq, qanla alınmalıdır. Bu, müharibədir. Torpaq istəyirsənsə, burada ölüm olmalıdır. Onların tabutlarını sayıb, qurtara bilmədim. Onlar qaçır, amma bizimkilər döyüşə getmək istəyir. Erməni nə millətdir ki, bizə cavab versin?! Başa düşürük ki, çətindir. Siyasi məsələləri dövlət başçımız həll edəcək. Bizim işimiz isə dövlətimizi, prezidentimizi dəstəkləmək və "Əmrini gözləyirik" deməkdir.