Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir


Digərləri 06 Avq 2020 21:34:00 165 0

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir

Azərbaycanda quraşdırılacaq yeni seysmik stansiyalar üçün yerlərin seçilməsinə artıq başlanılıb.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvarın sonunda 22 yeni stansiyanın quraşdırılması üçün Azərbaycana seysmik cihaz və avadanlıqlar gətiriləcək. Cihaz və avadanlıqlar Ukrayna Elm və Texnologiya Mərkəzinin maliyyə dəstəyi ilə ABŞ-ın "Kinemetriks" şirkətindən alınacaq.

V.Hüseynova qeyd edib ki, seysmik stansiyalar "Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)" layihəsi çərçivəsində quraşdırılacaq.

V.Hüseynova əlavə edib ki, hazırda Azərbaycanda yeraltı təkanlar 62 seysmik stansiya vasitəsilə qeydə alınır. Onun 35-i daimi stansiyadır. Stansiyaların hamısı peyk rabitəsi ilə işləyir.