Cərimə yazılmasın deyə taxılan maska


Digərləri 06 Avq 2020 14:23:00 143 0

Cərimə yazılmasın deyə taxılan maska

Sizdə cərimə yazılmasın deyə taxılan maskadan var?

Bir müddət əvvəl Bakıdakı apteklərin birində növbə gözləyərkən qarşıda dayanan şəxsin satıcıya "sizdə cərimə yazılmasın deyə taxılan maskadan var?" sualını verməsinin şahidi oldum. Sualı ilk dəfə eşidəndə üzümdə təbəssüm yaransa da, dərindən fikirləşəndə məsələnin heç də gülməli olmadığını dərk edirsən.

Görünür, hələ də, koronavirusa inanmayan, məsələnin ciddiliyini dərk etməyən və ya bunu anlamaq istəməyənlər var. İnamsızlıqdan irəli gələrək onlar tibbi maskadan özlərinin, başqalarının sağlamlıqlarını qorumaq üçün yox, sadəcə cərimə yazılmasın deyə istifadə edirlər.

Koronavirusa inamsızlığın səbəbi isə müxtəlifdir. Bir müddət əvvəl bu virusdan qorxanlar da artıq koronavirusun mövcudluğuna inanmamağa başlayıblar. Onlar müxtəlif arqumentlər gətirərək özlərinə haqq qazandırırlar.

Hətta qohumları, tanışları koronavirusdan ölənlər arasında da artıq bu virusa laqeyd yanaşanlar çoxalıb. Səbəb insanların bu virusa, virusla bağlı xəbərlərə öyrəşməsi, yoluxan, ölən sayının adiləşməsi, uzunmüddətli karantin rejiminin tətbiqi, maddi vəziyyətinin çətinləşməsi, tətil, toy planlarının alt-üst olması və başqa məsələlərdir.

Avqust ayının 5-dən etibarən karantin rejiminin yumşaldılması isə insanlarda daha da arxayınlıq yaradıb. Onsuz da, taclıvirusun varlığına inanmayan şəxslər yoxlamaların azalmasını fürsət bilərək ictimai nəqliyyatda tibbi maskadan istifadə etməməyə başlayıblar. Artıq hər gün avtobuslara maskasız minən və ya minib içəridə polis olmadığını gördükdən sonra maskanı çıxardan sərnişinləri görmək mümkündür.