Cinayətdə haqlı tərəf axtaranlar


Digərləri 06 Avq 2020 12:58:16 184 0

Cinayətdə haqlı tərəf axtaranlar

Ötən gün Goranboyda qadın ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Rayonun Goran qəsəbəsində kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Qərib Əfqan oğlu sevgi münasibətində olduğu Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gürzalı qızını qısqanclıq zəminində güllələyərək öldürüb.

Cinayət günün müzakirə mövzusuna çevrilib. Bunun əsas səbəbi ölən tərəfin qadın və xüsusən də onun evli, iki uşaqlı olmasıdır. Çoxları günahı kişidə görsələr də, "evliykən niyə başqasıyla gəzirdin ki, səni də öldürürdülər" kimi düşünənlər də az deyil.

Tarix boyu xəyanət səbəbindən minlərlə, bəlkə də, milyonlarla insan ölüb. Onlar ya vətənə, ya dost-tanışa, ya da sevgi münasibətində olduğu şəxslərə xəyanət etdiklərinə görə cinayətə qurban gediblər. Amma xəyanət edən şəxsi öldürmək, onu videoya çəkib rüsvay etmək vəziyyətdən çıxış yolu deyil.

Bütün hallarda günah cinayəti törədən şəxsdədir. Cinayəti törədən şəxsin psixoloji vəziyyəti yerində deyil və ya o həddə çatıb. O, cinsindən asılı olmayaraq kimisə öldürüb, kiminsə ömrünü oğurlayıb. Qətl törədən şəxsin kişi və ya qadın olması haqlı-haqsız tərəfi dəyişdirmir. Çünki cinsindən asılı olmayaraq insan ölümündən, cinayətdən, qətldən söhbət gedir.

Amma bəzi qadınlar, xüsusən də feministlər məsələni qadın cinayəti kimi şişirdərək diqqəti başqa istiqamətə yönəldirlər.

Onlar, sanki, evli qadının xəyanətini normal hal kimi qəbul etdirməyə çalışaraq məsələni əsas hədəfdən, cinayətin, cinayətkarın ifşasından yayındırır, qadınların hüquqlarını qabardaraq vəziyyətdən öz məqsədləri üçün istifadə edirlər.