Dördüncü arvad olmamaq üçün ölkədən qaçdı FOTO


Digərləri 05 Avq 2020 23:42:00 206 0

Dördüncü arvad olmamaq üçün ölkədən qaçdı  FOTO

Qeyri-adi bir həyat hekayəsi olan 19 yaşlı Mehdiyə Kərimi yanvar ayında Belçikada keçiriləcək "Miss Belgium 2021" gözəllik müsabiqəsinin namizədlərindən biri seçilib.

Son.az xəbər verir ki, yalnız 2,5 ildir ki, Belçikada yaşama statusu alan Mehdiyə Əfqanıstan əsilli qaçqındır.

Əfqanıstanın Məzari-Şərif şəhərində yaşayan Mehdiyənin İran, Türkiyə və Egey dənizi üzərindən Avropaya macərası 14 yaşında ikən atasının öldürülməsindən sonra başlayıb.

Məzari-Şərifdə 50 yaşlarında olan bir kişi 14 yaşı tamam olmuş Mehdiyədən dördüncü arvadı olmasını istəyib. Ancaq atası buna icazə verməyib.

Bundan sonra yaşananları Nieuwsblad qəzetinə danışan Mehdiyə Kərimi, "Bu, uzaqgörən atama onun həyatı bahasına başa gəldi. Bir müddət sonra o, dəhşətli şəkildə öldürüldü" deyib.

Atası öldürüləndən sonra artıq təhlükəsiz olmadıqlarını söyləyən anası, əşyalarından nəyi mümkündürsə sataraq, Mehdiyə və ondan 7 yaş böyük qardaşını ölkədən çıxarmaq üçün insan qaçaqçılığı ilə məşğul olan tacirlərə müraciət edib.

İnsan trafikinqi ilə məşğul olan tacirlər Mehdiyə və onun qardaşını 40-50 nəfərlik qrupla birlikdə bəzən avtomobildə, bəzən qatır belində, bəzən isə piyada olaraq əvvəl İrana, oradan da Türkiyəyə çatdırıblar.

Mehdiyə danışır ki, səyahət zamanı kişilər və qadınlar gecələri bir-birindən ayrı qaldıqları üçün, o, qardaşının yanında yatmırdı və buna görə də, gecələr qorxudan yuxuya gedə bilmirdi.

Bir il qaçqın düşərgəsində

Türkiyədən Egey dənizi ilə plastik qayıqlarda Mehdiyə və qardaşı, dənizdə batmaq təhlükəsi də daxil, bir çox sərgüzəştdən sonra Yunanıstana çata bildilər. 2016-cı ildə Belçikaya gələn bacı-qardaş təxminən 1 il qaçqın düşərgələrində qaldı.

Belçika rəsmiləri Ghent şəhərinə köçən qardaşının sığınacaq üçün müraciətini təsdiqlədi. Ancaq Mehdinin hekayəsinə inanmadıqları üçün sığınacaq vermədilər.

12 yanvar 2001-ci ildə anadan olduğunu söyləyən Mehdiyə deyir ki, Belçikaya gələndə 15 yaşında olub, lakin keçdiyi rəsmi testlərdə yaşı 18 çıxdığı üçün müraciəti rədd edilib.

Bundan sonra daha bir müraciət cəhdi edən Mehdiyə Kəriminin sığınacaq xahişi nəhayət təmin edilib.

Dil kurslarını bitirdikdən sonra o, orta təhsilə başlayır.

Hal-hazırda o, həm oxuyur, həm də işləyir.

Əfqanıstanda gözəllik müsabiqəsi kimi bir yarışmanın olmadığını söyləyən Mehdiyə Belçikadakı müsabiqənin elanını görəndə həmin müsabiqədə iştirak etmək istəyib.

Cəmiyyətin təklif etdiyi fürsətlərdən yararlanmaq istədiyini deyən Mehdiye Kərimi öz qərarını belə izah edir: "Gözəllik kraliçası tacına sahib ola bilsəm, bu, bütün qaçqınlar üçün bir nümunə olacaq. Qaçqınlar qorxaq insanlar deyil". (publika.az)