Avropa ikinci dalğanın astanasında: Yumşalma tətbiq edilən ölkələrdə vəziyyət ağırlaşır


Dünya 05 Avq 2020 16:58:00 139 0

Avropa ikinci dalğanın astanasında: Yumşalma tətbiq edilən ölkələrdə vəziyyət ağırlaşır

Ötən ilin dekabr ayında koronavirus haqqında ilk xəbərlər yayılan zaman kimsə bu virusun bu qədər uzun müddət aramızda qalacağını, hər kəsin həyatına təsir edəcəyini, maddi və psixoloji problemlər yaradacağını, minlərlə insanın öləcəyini düşünmürdü, məsələnin ciddiliyini anlamırdı. Çoxları bu virusun da quş, donuq qripi, ebola kimi qısa müddət ərzində yox olub gedəcəyini zənn edirdi. Azərbaycanın ucqar bir kəndində kiçik kafe işlədən xırda sahibkarın heç ağlına da gəlməzdi ki, Çinin Hubey əyalətinin Vuhan şəhərində yarasa supundan keçən və ya bu formada cəmiyyətə təqdim olunan virus onun işinə təsir etsin. Eləcə də, milyonlarla insan...

Amma hazırda koronavirus bütün dünyanı öz cənginə alıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən bugünədək 18 milyon yarımdan çox insan koronavirusa yoluxub. (Nəzərə almaq lazımdır ki, bu sadəcə, test edilib, nəticəsi müsbət çıxan insanların sayıdır) 705 mindən çox insan bu xəstəlik səbəbindən dünyasını dəyişib, 12 milyona yaxın insan isə müalicə olunaraq evə buraxılıb.

Koronavirusa görə dünyanın müxtəlif ölkələrində, müxtəlif formada, müəyyən zaman çərçivəsində bir neçə ölkə istisna olmaqla karantin rejimi tətbiq olunub. Bu virusa yoluxmanın qarşısını almaq məqsədi ilə keçirilsə də, bir sıra dövlətlərdə narazılıqlara gətirib çıxarıb. Günlərlə evdə qalan insanlar işsizlikdən, aclıqdan, stresin artmasından gileylənərək karantin rejiminin bitməsini tələb ediblər. Bir sıra ölkələr, o cümlədən, Azərbaycan psixoloji və iqtisadi faktorları nəzərə alaraq karantin rejimini müəyyən müddətlik yumşaldıb. Lakin görünür ki, bu, gözlənilən effekti verməyib. Artıq, dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur. Britaniyalı, almaniyalı, fransalı, estoniyalı alimlərin avropada ikinci dalğanın başlaması ilə bağlı xəbərdarlıqları bunu deməyə əsas verir. Hətta, ötən gün Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca şəxsi Tvitter hesabında status yazaraq ölkədə koronavirusla bağlı vəziyyətin ağırlaşdığını, yeni qadağaların tətbiqinin qaçılmaz olduğunu bildirib. Bu gün səhər saatlarında Türkiyə mətbuatında "yumşalmanı, üzümüzə-gözümüzə yaxdıq, yeni qadağalar gəlir" başlıqlı xəbərin yayılması da oradakı vəziyyətin ürəkaçan olmadığını sübut edir.