"Söhbət millətin sağ qalıbqalmamasından gedir. Biz elə etməliyik ki..."


Digərləri 05 Avq 2020 15:21:00 166 0

"Söhbət millətin sağ qalıbqalmamasından gedir. Biz elə etməliyik ki..."

"İnsanlar karantin qaydalarının yumşaldılmasını arzuladıqları kimi bu həyatda sağ qalmalarını da istəməlidirlər".

Son.az xəbər verir ki, bunu Trend-ə kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, "Space" teleşirkətinin prezidenti Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının mövcud olduğu indiki şəraitdə hamımızın bir millət kimi sağ qala bilmək istəyi olmalıdır:

"Koronavirus bəlasını heç kim gözləmirdi. Bu, təkcə bizim üçün deyil, bütün dünya üçün bir sınaqdır. İndi bütün dünyada eyni vəziyyətdir. Bu, bir dözüm, iradə sınağıdır. Biz gərək buna dözək. Mən kino adamıyam. Axı, indi kino da çəkilmir! Mən kino çəkə bilmədiyim kimi musiqiçi də oxumur və digər incəsənət xadimləri də öz işlərini görə bilmirlər. Nəzərə alaq ki, bütün bunlar müvəqqəti haldır".

Hazırkı şəraitdə insanların bir olmasını olduqca vacib amil sayan V.Mustafayevin sözlərinə görə, COVİD-19-a yoluxma halının artmaması üçün insanlar bir-birlərini başa düşməlidirlər:

"Hazırda yoluxma sayı 200-dən bir qədər çoxdur. Amma bu say arta bilər. Biz gərək çinlilərdən nümunə götürək, onlar bu bəlaya sinə gərdilər və xilas oldular".

V.Mustafayev hesab edir ki, hazırda insanların hansı qaydalara əməl etməsi və ona nəzarət məsələsi mərkəzləşdirilmiş şəkildə idarə edilməlidir:

"Mən fikirləşirəm ki, bu qaydaların nə dərəcədə zəruri olduğu hamıya aydın olmalıdır. Biz elə etməliyik ki, hamımız bir-birimizi başa düşək. Burada millətin sağ qalıb-qalmamasından, pandemiyadan nə dərəcədə zərər çəkməsindən söhbət gedir. Bunu nəzərə alaq ki, bizim başqa problemimiz - düşməniz olan erməni işğalçıları da var. Bir tərəfdən erməni işğalı, digər tərəfdən koronavirus problemi ilə üzləşmişik.

Nə qədər parodoksal səslənsə də, koronavirus da çox demokratik bəladır. Bu virus geniş yayılır, hər kəsi yoluxdurur və tanımır ki, yoluxdurduğu bu şəxs, ya o şəxs kimdir. Həmin şəxsin sağ qalıb-qalmayacağı isə bilinmir".