Beyrut faciəsi: əslində, nə baş verdi?


Dünya 05 Avq 2020 11:14:05 192 0

Beyrut faciəsi: əslində, nə baş verdi?

Beyrut qan ağlayır. İnsanlar nə baş verdiyini hələ də anlamırlar. Şəhər küçələrində təcili yardım maşınlarının sirenalarının səsindən qulaq tutulur. Viranəliklər arasında hələ də qan içində insanlar dolaşırlar...

"Baş verən faciədə günahkar olanları tapana qəldər sakitləşən deyiləm. Çünki onlara ən ağır cəza verilməlidir", - Livanın baş naziri Həssən Diab belə deyib.

... Beyrut dünən güclü partlayışlardan silkələndi. Livanın paytaxtının liman səmtində, Zeytuna Beydə dalbadal iki partlayış oldu. Özü də ikici partlayış elə güclü, elə məşum idi ki, sanki şəhərə atom bombası atılmışdı.

Əvvəlcə kiçik partlayış səsi eşidilib, 5 dəqiqə sonra qara və ağ tüstü ətrafı bürüyüb. Daha sonra bütün Livan sahillərində, habelə Beyrutdan 240 km aralıdakı Kiprdə hiss olunan dəhşətli partlayış olub. İordaniyadakı seysmik stansiyalarının məlumatlarına görə, partlayış Rixter şkalası ilə 4,5 ballıq zəlzələ gücündə olub.

Beyrutdakı binaların yarısı zərər görüb. Beyrut limanı viran qalıb, partlayışdan 10 km aralıdakı aeroport binası uçub. Prezident sarayı, baş nazirin iqamətgahı, bir neçə səfirlik binasında dağıntılar var.

Rəsmi məlumatlara görə, partlayışın səbəbi limandakı anbarlardan birində saxlanılan 2750 tonluq ammonium-nitrat, yəni selitra olub. Məhz onun partlaması Beyrutun bir səmtini viran qoyub. Partlayışda ölənlərin sayı 100-ü, yaralıların sayı 4 min nəfəri keçib. Yaralananlar arasında BMT-nin Livandakı missiyasının 48 əməkdaşı və onların 27 nəfər ailə üzvü də var.

Livanın baş naziri Həssən Diabın arvadı və qızı da partlayışda yaralanıb.

Məşum faciə ilə bağlı suallara cavab verməyə çalışaq.

Nə baş verib?

Hələ beş ay əvvəl Livanın Milli Təhlükəsizlik Xidməti Beyrut limanındakı anbarlarda çox böyük miqdarda ammonium-nitratnın saxlanması ilə bağlı araşdırmalara başlamışdı. Araşdırma nəticəsində hazırlanmış hesabatda bildirilirdi ki, limandakı anbarlarda belə böyük miqdarda selitranın saxlanması çox təhlükəlidir.

Hökumət də fövqəladə hadisənin, o cümlədən partlayışın baş verməməsi üçün limana yoxlama yollamış, duruma məsul şəxsi təyin etmişdi. Ammonium-nitratın limandan daşınması və ya satışı ilə bağlı variantlar nəzərdən keçirilirdi.

Digər mənbələr isə vurğulayırlar ki, ammonium-nitrat anbarda yox, Afrika ölkələrindən birinin bayrağı altında üzən yük gəmisində olub. Gəmi sahibi olan şirkəti böyük məbləğdə borcları olduğu üçün həmin yük illərdir limanda qalıbmış.

Livanın  rəsmi dairələrinin açıqlamalarına rəğmən, ABŞ prezidenti Donald Tramp baş verən partlayışı "dəhşətli hücum" adlandırıb.

"Amerikalı generallarla görüşdüm və onlar partlayışı səciyyələndirərək bunun hücum olduğunu dedilər", - Tramp bildirib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo isə "Vaşinqton situasiyanı diqqətlə izləyir və faciənin fəsadlarının aradan qaldırılmasında Livan xalqına yardım etməyə hazırdır" deyib.

İsrail ordusu da Livana humanitar və tibbi yardım təklif etməyə hazırdır: "Münaqişənin aradan qaldırılması zamanı çatıb".

İsrailin XİN başçısı Qabi Aşkenazinin və müdafiə naziri Beni Qansın göstərişləri ilə Livan hökumətinə tibbi yardım təklifi göndərilib.

Təl-Əviv partlayışda yaralananları müalicə etməyə hazırdır.

Livanda üçgünlük matəm elan olunub. Livanın Ali Müdafiə Şurası paytaxt Beyrutu fəlakət zonası elan edib. Hökumət şəhərdə iki həftəlik fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Livan prezidenti Mişel Aun dövlət büdcəsindən 100 milyard livan funtu ayırıb. Bu pullardan xəstəxanalara kreditlər ayrılacaq, həlak olanların ailələrinə təzminatlar ödənəcək.

Az öncə Livanda fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Moldova gəmisi?

Ərəb mediasında yer alan məlumatlara görə, 2750 ton ammonium-nitrat Moldovada qeydiyyata alınan və Gürcüstandan Afrikaya üzən "Rhosus" yük gəmisində olub. İstismar qaydalarının kobud şəkildə pozulmasına və heyət üzvlərinə aylarla maaş ödənilmədiyinə görə gəmi 2013-cü ildə Beyrut limanında saxlanmışdı.

2014-cü ilin aprel ayında isə selitra gəmidən boşaldılaraq limandakı iki anbara yığılıbmış.

"Hizbullah", İŞİD, yoxsa İsrail?

Partlayışın Livandakı "Hizbullah" qruplaşmasının mənsublarından müsadirə edilmiş partladıcı maddələr və ammonium-nitratın saxlandığı anbarda baş verdiyini vurğulayanlar bunun "Hizbullah"a hücum olduğunu iddia edirlər.

Həlak olanların arasında "Qətaib Hizbullah" Partiyasının baş katibi Nəzər Nəcarianın yer alması da iddiaları gücləndirir.

"Hizbullah" bəyanat yayaraq partlayışın onun anbarlarında baş vermədiyini bildirib

Livanlılar İsraili də suçlayırlar. Onların iddialarına görə, partlayışdan cəmi 4 saat əvvəl İsrailin baş naziri Binyamin Netanyahu "Hizbullah"ı hədələmişdi.

Rəsmi Təl-Əviv bu iddiaları qətiyyətlə rədd edib.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədilməsi ilə bağlı iddialar da var.

Həmin iddialara görə, İŞİD-in hədəfi Livanın sabiq baş naziri Səad Həriri imiş.

Xatırladım ki, S.Həririnin atası, 1992-1998 və 2000-2004-cü illərdə baş nazir olmuş Rafiq Həriri 2005-ci ilin fevralın 14-də terror aktında həlak olub. Beyrut limanındakı partlayışdan bir saat əvvəl Səad Həriri iqamətgahında ölkənin təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüşə başlamışdı. Görüşdə BMT-nin Livan üzrə xüsusi tribunalının R.Həririnin qətlində qiyabi suçlanmış 4 nəfərlə bağlı hökmü müzakirə olunurdu.

... Partlayış Beyrut limanındakı 12 saylı anbarda olub. Livanın mərhum baş naziri Rafiq Həririnin evi həmin anbarın yaxınlığındadır.

12 saylı anbarda ilk partlayış olub, sonra alov yaxınlıqdakı 13 və 14 saylı anbarlara sıçrayıb. Həmin anbarlarda isə benzin və ammonium-nitrat vardı.

Elçin Alıoğlu Son.az