Afrikanın şərqində 50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək


Dünya 05 Avq 2020 07:14:00 143 0

Afrikanın şərqində 50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək

Cari ilin sonunda Afrikanın şərqində 50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qitənin 8 ölkəsini birləşdirən Hökumətlərarası İnkişaf Təşkilatı (IGAD) bəyanat yayıb.

IGAD Zimbabve başda olmaqla Şərqi Afrika ölkələrinin hökumətlərini, habelə BMT-nin Ərzaq Proqramını gözlənilən aclığın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Təşkilatın bəyanatında qeyd edilib ki, COVID-19 pandemiyası, quraqlıq və iqtisadiyyatın çökməsi sözügedən regionda böyük humanitar fəlakətə səbəb ola bilər. IGAD üzv ölkələrin hökumətlərinə və tərəfdaşlarına müraciət edərək, onları təcili texniki və maliyyə yardımı göstərməyə çağırıb.

Təşkilatın icraçı direktoru Vorkneh Gebeyehu bildirib ki, qarşıdakı aylarda Şərqi Afrika ölkələrində əhalinin yoxsul təbəqələrinə ərzaq yardımları üçün vahid strategiya hazırlanmalıdır. Eyni zamanda, həmin dövlətlər ticarəti canlandırmaq üçün sərhədlərini açmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Afrikada yeni növ koronavirusa yoluxanların sayı 972 minə çatıb, daha 20 min 600 nəfər isə həyatını itirib.