Əməli dəyərli edən meyar nədir?


Digərləri 04 Avq 2020 23:50:00 193 0

Əməli dəyərli edən meyar nədir?

İslam dininin nəzərinə görə, əməlin özü təklikdə kifayət deyildir. Əslində əməlin mühərrik və hədəfə ehtiyacı vardır. Bəzən görürük ki, insanlar məktəb, xəstəxana inşa edir, başqa xeyriyyəçi işlər görürlər və zahirdə özlərini elə göstərirlər ki, niyyətləri - yalnız insanlığa xidmət etməkdir. Halbuki, bu niyyətin altında başqa niyyətlər gizlənir. Ya malını artırmaq istəyir, ya şöhrət və məqam istəyir, ya da insanların gözünə girmək istəyir.

Ancaq bu insanlardan fərqli olaraq, bəzi insanlar kiçik işlər görsələr də, onların bu əməldəki niyyətləri xalis olar. Yəni, ancaq Allah rizasını qazanmaq üçün olar. Bu əməl kiçik olmasına baxmayaraq, o biri böyük əməllərdən dəyərli hesab olunur. Çünki, niyyəti xalisdir. Ona görə də deyə bilərik ki, əmələ dəyər verən meyar onun niyyət və hədəfidir.

İmam Əli (ə) bu haqda buyurur: "Niyyət - əməlin bünövrəsidir".

Bu səbəbdən əgər niyyət xalis olarsa, əməl dəyər əldə edər. Əməldə ixlasa malik olmaq - bədəndə olan ruha bənzəyir. Yəni, əgər niyyət pak olmazsa, bədən ruhsuz qalar və heç bir dəyəri olmaz. Həmin saleh əməlin aradan getməsinə səbəb olar.

İmam Hüseyn (ə) buyurur: "Ey Allah bəndələri! Özünüzü dünya ilə məşğul etməyin ki, həqiqətən qəbir elə bir evdir ki, ancaq saleh əməllər onda faydalı və nicat verəndir. Ona görə də qəflətə düşməkdən ehtiyat edin".