Allah insanın güman etmədiyi yerdən ruzisini verər


Digərləri 04 Avq 2020 21:50:00 179 0

Allah insanın güman etmədiyi yerdən ruzisini verər

İslam dini hər bir müsəlman üçün dəqiq və kamil həyatın reseptini vermişdir. İslam dininin nəzərinə görə dünya - əməllərin əkildiyi yerdir ki, axirətdə onun meyvəsini yeyəcəkdir. Ona görə də müsəlman bu dünyada elə çalışmalıdır ki, axirət səadətini təmin edə bilsin.

Müsəlman gərək elə yaşasın ki, həm ehtiyacı olan qədər ruzi qazansın və həm də bu ruzisini elə hədəflə xərcləsin ki, axirəti üçün azuqə olsun. Hədislərimiz buyurur ki, bir kişinin ailəsini rahat etdirmək üçün mal və ruzə əldə etməsi - ibadətdir və bəyənilən əməllərdəndir.

Lakin müsəlman dünyasına qapılıb, axəritini unutmamalıdır. Bütün hədəfi mal toplayıb dünya rahatlığına çatmaq olmamalıdır. Bu cür insan ruzi qazanmağa özünü o qədər məşğul edər ki, nəhayət Allahdan qafil olar və axirət dünyasını unudar.

Belə insanların bütün fikirləri: "daha çox sərvəti necə toplaya bilərəm"dir. Ya: "hansı yoldan getsəm daha çox sərvət toplaya biləcəyəm"dir. Ona görə də həmişə qəmgin və nigarandırlar. Halbuki, insan bilməlidir ki, ruzisi Allah tərəfindən təyin edilmişdir və hər kəs ondan o qədər bəhrələnir ki, Allah həmin miqdar onun üçün müəyyən etmişdir.

İmam Sadiq (ə) buyurur: "Əgər Allah Təala ruzini zəmanət edibsə (həddən artıq) səy göstərməyin nə üçündür? Əgər ruzi bölünübsə, hərisliyin nə üçündür? O kəs ki, ruzinin qəmini yeyər - günahkardır. Çünki Allah Raziqdir və bəndələrinin ruzisini verməyi vəd etmişdir. "Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir". ("Hud" 6).

İnsanın bu inancla yaşaması imanını artırar. Allahın verdiyi vədələrə inanmamaq isə küfrdür. Ona görə də o kəs ki, ruzisinin qəmini yeyər - günahkar hesab olunur.

Allah Təala bəzən insana heç gözləmədiyi yerdən ruzi verər. Belə ki, insanın bildiyi yerdən ruzi gözləməsi bəzən Rəzzaqdan qafil olmasına səbəb olur. Adi və təbii bir iş kimi qarşılanar. Allah ona görə buyurur: "Və ona güman etmədiyi bir yerdən ruzi verər". ("Təlaq" 3).

Məsumlardan (ə) bu haqda buyurulur: "Allah Təala möminlərin ruzisini güman etmədikləri yerdən qərar vermişdir. Bu, ona görədir ki, bəndə bilmir ki, ruzisi və xərci haradan təmin ediləcəkdir və Allaha daha çox dua və münacat edər".

Ruzisinin haradan gələcəyini bilməyən bəndə Allah Təalaya tərəf ehtiyac əlini qaldırar və ancaq Ona ümid edər. Ancaq Ona təvəssül edər və Ondan başqa heç kəsdən gözləntisi olmaz. Bu zaman maddi ehtiyacları Allaha dua və münacat etməsi üçün bir körpü olar və Allaha etdiyi o diqqət isə axirəti üçün azuqə olar. Allah Təala o qədər mehribandır ki, hər bir yolla bəndəsini hidayət etmək istəyir. Maddi ruzisini axirəti üçün həsənə toplaması üçün körpü qərar verir.