Şahin Mustafayevlə İranın İqtisadi İşlər və Maliyyə naziri arasında telefon danışığı olub


Digərləri 04 Avq 2020 21:22:00 173 0

Şahin Mustafayevlə İranın İqtisadi İşlər və Maliyyə naziri arasında telefon danışığı olub

4 avqust 2020-ci ildə Baş Nazirin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının İran tərəfindən həmsədri F.Dejpəsənd arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, telefon danışığı zamanı hər iki tərəf Azərbaycan və İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, İKT, tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər iki ölkə arasında uğurla həyata keçirilmiş - "Xəzər" avtomobilləri istehsal edən Azərbaycan-İran müştərək avtomobil zavodunun fəaliyyəti və digər müştərək layihələrdən məmnunluq ifadə ediblər. Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük maşınları istehsal edəcək zavodun tikintisinin başa çatdırılması, Azərbaycanda quru meyvə istehsalı və əczaçılıq üzrə birgə müəssisənin təsis olunması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı strateji əhəmiyyətə malik "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi"nin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Astaraçay üzərində inşası planlaşdırılan avtomobil yolu körpüsünün ölkələrimiz və region üçün əhəmiyyəti qeyd olunub.

Energetika sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi, İran-Azərbaycan-Rusiya arasında elektrik xətlərinin sinxronlaşdırılması sahəsində görülən işlərin əhəmiyyəti qeyd olunub.