ÜSTnin ekspert qrupu Çindəki işlərini yekunlaşdırıb


Dünya 03 Avq 2020 20:45:00 177 0

ÜSTnin ekspert qrupu Çindəki işlərini yekunlaşdırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu Çindəki işlərini yekunlaşdırıb. Onların fəaliyyəti COVID-19 infeksiyasının mənşəyinin müəyyən edilməsi üçün gələcək araşdırmaların əsası olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

"Biz COVID-19 xəstəliyinə səbəb olan virusun mənşəyini öyrənməyə davam edirik. Ümumdünya Səhiyyə Təşkilatının Çinə səfər edən aparıcı qrupu virusun mənşəyinin araşdırılmasına yönələn birgə cəhdlərə zəmin yaratmaq üçün öz fəaliyyətini yekunlaşdırıb", - deyə Tedros Adanom Gebreyesus bildirib. Onun sözlərinə görə, təşkilatın ekspertləri və çinli mütəxəssislər missiyanın nəticələri əsasında "Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə beynəlxalq qrupun tədqiqatı və fəaliyyət proqramı barədə" sənəd hazırlayıb. Bu qrupun tərkibinə Çindən və digər dövlətlərdən ekspertlər daxil olacaq.

ÜST-nin baş direktoru epidemioloji tədqiqatların Uxan şəhərində başlayacağını deyib. Tədqiqatın məqsədi koronavirusa ilkin yoluxma halları zamanı potensial infeksiya mənbəyinin müəyyən edilməsidir.

Tedros Adanom Gebreyesus hazırda dünyada koronavirusa qarşı bir sıra vaksin üzərində işlərin getdiyini xatırladıb. Onlardan bəziləri klinik sınaqların üçüncü mərhələsindədir. "İnsanların yoluxmasının qarşısını ala biləcək effektiv vaksinlər hazırlanacağına ümid edirik. Lakin hazırda belə bir preparat yoxdur və bəlkə də heç vaxt olmayacaq", - deyə o əlavə edib.