İmam Cavadın (ə) gözəl əxlaqından nümunələr


Digərləri 01 Avq 2020 23:20:00 245 0

İmam Cavadın (ə) gözəl əxlaqından nümunələr

İmam Cavad (ə) da başqa Məsum İmamlar (ə) kimi hər bir insan üçün əxlaq nümunəsi idi. İmamın (ə) bu gözəl əxlaqından bir neçə nümunələrə işarə edək.

Sistan əhalisindən olan bir nəfər nəql edir: "Mötəsim xəlifə olan ilk ili İmam Cavadla (ə) həcc səfərində birlikdə idik. Bir gün yemək süfrəsində Həzrətə (ə) dedim: "Qurbanın olum, bizim diyarın hakimi elə bir insandır ki, siz Əhli-Beytin (ə) vilayətini qəbul edir və sizi sevir. Mən borcluyam və ona bir qədər maliyyə hesab ödəməliyəm. Əgər məsləhət bilirsinizsə, onun üçün məktub yazın və ondan istəyin ki, məndən müğayat olsun".

İmam (ə) buyurur: "Mən onu tanımıram". İmama (ə) dedim: "O, siz Əhli-Beytin (ə) dostlarındandır və sizin tövsiyəniz mənim üçün faydalı olardı".

İmam (ə) kağız istəyir və belə bir yazı yazır: "Bismilləhir-Rahmənir-Rahim! O kəs ki, mənim məktubumu gətirəcəkdir, sənin gözəl əqidəndən mənə danışdı. Həqiqətən sənin bəhrən ancaq o şeydir ki, qardaşlarının haqqında edirsən. Ona görə də davamlı olaraq qardaşlarına yaxşılıq et və bil ki, Allah Təala sənə sual verəcəkdir. Sən işində məsulsan, baxmayaraq ki, xardal zərrəsi qədər olsa belə".

Mən məktubu alıb, şəhərə daxil oldum və gəlməyimi hakimə xəbər verdilər. O, məni qarşılamaq üçün şəhərdən iki fərsəx məsafədən aralanmışdı. Mən İmamın (ə) məktubunu ona verdim. O, məktubu aldı və öpdü və gözünün üstünə qoydu. Soruşdu: "İstəyin nədir?". Dedim: "Sizin xəzinəyə bir qədər mal borcluyam". O, əmr verdi ki, məni həmin borcdan azad etsinlər və sonra dedi: "O vaxta qədər ki, mən hakiməm, maliyyə ödəməni vermə".