Öz dilini dünyaya tanıtdırmış türk


Digərləri 01 Avq 2020 22:45:00 207 0

Öz dilini dünyaya tanıtdırmış türk

Mahmud Kaşğarinin bir neçə missiyası (məqsədi) olub. O, Kaşğarda doğulub və boya-başa çatıb. İndi bu şəhər Çinin ən qərb tərəfdəki əyalətində - Sintszyanda yerləşir. XX əsrdə uzun müddət Tyan-Şan dağları boyunca yerləşən bu məntəqə Çin ilə Sovet İttifaqı arasında sərhəd zonası sayılıb. XI əsrdə burada İslam, buddizm və köçəri animizmi (heyvanlara pərəstiş) bir-biri ilə çulğaşmışdı. Mahmud Kaşğari mömin müsəlman olduğu üçün 1072-ci ildə zəifləmək üzrə olan xilafətin paytaxtı Bağdada köçdü. Bu amillər onun birinci missiyasının formalaşmasına təsir etmişdi.

Son.az islam.az-a istinadən bildirir ki, Kaşğari bundan bir neçə il əvvəl də Bağdada səfər etmişdi. Hamı bilirdi ki, xəlifə hətta qoruyub-saxlaya bildiyi öz məhdud hakimiyyətinə görə də ətrafındakı türklərə borcludur. 719-cu ildə Abbasi hakimləri öz ömrünün sonunu yaşamaqda olan Əməvi xilafətini ələ keçirmək üçün Orta Asiyaya soxulduqları zamandan bəri türk xalqları İslam siyasətində aparıcı rol oynayırdı. Əsgərlərin bir çoxu və bəzi sərkərdələr Mərv və Nişapur yaxınlığındakı kəndlərin yetirməsi idilər. Sonrakı illərdə xəlifələr Buxara və Nişapur bazarlarında türk kölələri alırdılar ki, onların hesabına ordunun sayını artırsınlar. Xəlifələrə, onları tez-tez baş verən saray sui-qəsdlərindən, üsyan və çevrilişlərdən qoruya biləcək qüvvələr etibarlı lazım idi. Həm kölə, həm də azad vətəndaş olan çoxlu türk xilafətin yüksək dairələrinə yol tapırdı. 900-cu illərin əvvəllərində məlum oldu ki, xəlifələr milliyyətcə ərəb olsalar da, Bağdadın mədəniyyəti Orta Asiya və İrandan olan farsların təsiri altında formalaşır, xilafətdə real hakimiyyət isə Orta Asiyalı türklərin əlində cəmləşib.

Bu cür "vəzifə bölgüsü" demək olar ki, bütün müsəlman dünyasında mövcud idi. Qərb tərəfdə - Misirdəki Fatimi dövləti get-gedə daha çox öz türk kölələrinin (məmlüklərin) nəzarəti altına düşürdü; elə onlar da axırda hakimiyyəti ələ keçirdilər. Hətta Buxaranın müstəqil düşünən hakimləri də öz əsarətləri altında olan türklərdən asılı vəziyyətə düşürdülər; çünki onlar olmadan öz ordularını qura bilmirdilər. Samani dövlət xadimləri "vəzifə pilləkəni" sistemini yaratmışdılar. Bu pilləkənlə türk kölə mehtər vəzifəsindən sarayda ən yüksək məqamlara kimi yüksələ bilərdi. Romanın "cursuz honorum" (şərəf yolu) sistemindən fərqli olaraq, bu sosial pilləkən əyanlar üçün deyil, kölələr üçün nəzərdə tutulmuşdu. Elə Samanilər sülaləsinin hakimiyyətdən devrilməsi (1002-1004) də dövlət daxilindəki bu dəyişikliklərin, eləcə də, xarici təzyiqin (şərqdə güclənməkdə olan türk mənşəli Qaraxanilər dövləti tərəfindən) nəticəsində baş verdi.

Orta Asiyada və ümumilikdə bütün müsəlman dünyasında müxtəlif türk tayfaları nəhəng qüvvəyə malik olsa da, qəribədir ki, yerli əhali türklərə qarşı müsbət münasibət bəsləmirdi. Bağdadda türklərin əksəriyyəti ayrıca məhəllələrdə yaşayırdı. Şəhər əhalisinin çoxunu təşkil edən farslar, ərəblər və başqaları türkləri hiyləgər və təhlükəli hesab edirdilər. Harada qarışıqlıq yaranırdısa (belə hallar tez-tez baş verirdi), bunu türk mənşəli qiyamçıların və quldurların etdiyini söyləyirdilər. Bağdadda bir çoxları üçün "türk" və "cinayətkar" sözləri eyni məna kəsb edirdi.

Böyük şəhərlərin türk əhalisini qəzəbləndirən bu idi ki, niyə yerli sakinlər onların dilini öyrənmək istəmirlər. Çox güman ki, bazarda meyvə alveri ilə məşğul olanlar türk dilində bir neçə söz öyrənə bilmişdilər, amma əyanlar qətiyyən belə deyildilər. Onlar niyə də türk dilini öyrənməli idilər? Həm fars, həm də ərəb dilli əyanlar bu fikirdə idilər ki, türk dili yalnız hərbçilərə və kasıb kəndlilərə lazımdır, alimlərə, şairlərə, mütəfəkkir insanlara yox. Onlar türkləri siyasətçi qismində çətinliklə qəbul edir, dövlətin inkişafında onların hər hansı rolunu danırdılar. Kaşğari bunu ən pis münasibət sayırdı və mövcud vəziyyəti dəyişməyi öz qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə o, yenilikçi və cəsur ideyalar irəli sürürdü; bu ideyalara görə sonrakı nəsillər də ona minnətdardır.

Amma ola bilər ki, Kaşğarinin başqa bir məqsədi da var idi. "Ola bilər" deyirik, çünki alim öz yazısında bu məqsədə işarə edən yalnız bir eyham qoyub. Kaşğarinin Bağdada gəlişindən 17 il əvvəl - 1055-ci ildə Səlcuqların çoxsaylı türk ordusu Orta Asiyaya daxil olaraq irəlilədi, xilafət torpaqlarını fəth edib, xəlifəni özündən asılı vəziyyətə saldı. Səlcuqlar özlərini mömin müsəlman sayırdılar. Xəlifəyə də onların xilafəti şiəlik əqidəsindən təmizləmək niyyətini yalnız alqışlamaq qalırdı. Hakimlər istər-istəməz öz yeni türk ağalarına ehtiram göstərməli idilər. Xəlifə mütiliklə öz qızını türk (Səlcuq) sultanına ərə verərək onu "şərqin və qərbin hökmdarı" adlandırdı...