"Mətbuatda söz, termin yaradıcılığı meyilinin artması dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir"


Digərləri 01 Avq 2020 14:59:00 165 0

"Mətbuatda söz, termin yaradıcılığı meyilinin artması dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir"

Əvvəlki dövrlərdən fərqli olaraq mətbuatda söz, termin yaradıcılığı meyili artıb ki, bu da dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir.

Son.az bildirir ki, bunu Trend-ə Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, bu gün Kütləvi İnformasiya Vasitələrinin rolu artdıqca, Azərbaycan dilinin işləkliyi artır. Mətbuat dilində işlənən sözlər, terminlər ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini göstərir: "Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb. Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı.

Bu fərmanın imzalanmasından bir neçə gün sonra 4 iyul 2001-ci il tarixində "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təşkil edilməsi haqqında" fərman imzalandı. Bu komissiyanın tərkibinə görkəmli dövlət xadimlərilə yanaşı, dilçilər də daxil edildi ki, onlar daima dilimizin tətbiqi sahəsinə nəzarət etsinlər. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.

2004-cü ildə Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında" sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür".

T.Şükürlü əlavə edib ki, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə diqqət Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb: "Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zəninləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Azərbaycan elmi, mədəniyyəti inkişaf etdikcə Azərbaycan dili daha zənginləşir, müasir, analitik düşüncənin dilinə çevrilir.

Bu gün Azərbaycan dili həm də elektron məkanda da işlənir, inkişaf edir".