Bu universitet payız semestrində təhsili onlayn davam etdirə bilər FOTO


Digərləri 25 İyl 2020 12:23:00 186 0

Bu universitet payız semestrində təhsili onlayn davam etdirə bilər  FOTO

ADA Universiteti payız semestrində təhsili onlayn davam etdirməyi hədəfləyir.

ADA Universitetindən Son.az-a verilən məlumata görə, universitetdə 2020-ci ilin payız semestrinin təlim-tədris prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq.

Belə ki, COVID-19 təhlükəsi davam etdikdə artıq Universitetdə yaz və yay semstrlərində təcrübədən müvəffəqiyyətlə keçmiş onlayn üslub tətbiq olunacaq. Universitetdaxili sorğu göstərmişdir ki, tələbələrin 85%-i onlayn təhsili müsbət və ya qənaətbəxş hesab etmişlər. Müxtəlif onlayn platformalar arasında tələbələrin 90%-i, professor- müəllim heyətin isə 65%-i Universitetin istifadə etdiyi "Blackboard Collaborate" platformasına üstünlük verirlər. Növbəti tədris ilindən etibarən təlim-tədrisin keyfiyyətini artırmaq məqsədilə əlavə rəqəmsal texnologiyalar istifadə olunacaq və onların açdığı imkanlardan istifadə edərək daha çox xarici müəllimlər cəlb olunacaqlar.

Universitet pandemiya ilə bağlı tələbələrin maliyyə çətinliyini nəzərə alaraq, bütün tələbələrin payız semestri üzrə təhsil haqqına 15% güzəşt elan edib. Bundan başqa, aztəminatlı ailələrdən olan tələbələrə Universitetin xüsusi yardım fondundan əlavə güzəştlər olunacaq.

"Tələbələrimizin bir hissəsinin maliyyə dəstəyinə ehtiyacı olduğundan xəbərdarıq. Bu səbəbdən də maliyyə imkanları məhdud olan tələbələrimiz ehtiyac əsaslı təqaüdlərlə təmin ediləcəklər", - ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal bildirib. Qeyd edək ki, ADA Universiteti payız semestrindən etibarən üç xarici universitet - Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton və Fransanın CEFAM Universitetləri ilə beynəlxalq ikili diplom proqramını həyata keçirəcək.