Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda


Digərləri 23 İyl 2020 18:57:00 210 0

Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi dünyanı bürüyən koronavirus pandemiyası şəraitində ölkəmizdə tətbiq edilən ciddi karantin dövrundə tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinə şagird qəbulunu asanlaşdırmaq, müasir informasiya texnologiyalarının ən son nailiyyətlərini tətbiq etməklə onlayn yaradıcı məktəb ideyasını təcrübənin təhlili əsasında inkişaf etdirmək məqsədilə yeni musiqi.edu.az tədris portalını təqdim edir.

Musiqi.edu.az internet portalı (http://musiqi.edu.az/az/) vasitəsilə onlayn sənəd qəbulu həyata keçirmək mümkündür. Valideynlər "Qəbul" bölməsində övladı üçün evə yaxın yerləşən və onu maraqlandıran ixtisasların tədris olunduğu Bakı musiqi və incəsənət məktəblərindən birini seçərək qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat uğurla tamamlandıqdan sonra sistem şagirdə məxsus kod müəyyənləşdirir, hər bir kod sahibinə öncədən imtahanın keçirilicəyi vaxt və yer haqqında elektron məktub və ya telefon vasitəsilə məlumat verilir.

Yaxın günlərdə Portalda həmçinin "Məktəblər" bölməsində Bakı uşaq musiqi və incəsənət məktəblərinin məlumat bazası ilə tanış olma imkanı yardılacaq, "İxtisaslar", "Tədris vəsaitləri", "Multimedia", "Təkliflər və iradlar", "Musiqi alətləri" bölmələri fəaliyyət göstərəcək.

İstifadəçilər dərs vəsaitlərinin geniş bazası, musiqi alətlərinin özəllikləri və dərs cədvəlləri ilə yanaşı məktəblərin tədris ilində əldə etdikləri uğurlara dair xəbərlər, yerli və beynəlxalq müsabiqələr haqqında məlumatlarla tanış ola biləcəklər.

Əziz izləyicilər, hörmətli valideynlər və sənətsevərlər, sizi böyüməkdə olan nəslin musiqi zövqünü bizimlə birlikdə formalaşdırmağa və onların yaradıcı təxəyyülünü inkişaf etdirməyə dəvət edirik.