"Ermənilər xarici ölkələrdə bu təxribatları məqsədyönlü şəkildə həyata keçiriblər"


Siyasət 23 İyl 2020 18:14:35 128 0

"Ermənilər xarici ölkələrdə bu təxribatları məqsədyönlü şəkildə həyata keçiriblər"

"Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının indiki halda susqunluğu başa düşülmür"

Ermənilər xarici ölkələrdə Azərbaycan diasporunun üzvlərinə qarşı bu təxribatları məqsədyönlü şəkildə həyata keçiriblər.

Bunu Son.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli son bir həftə ərzində ermənilər tərəfindən Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı törədilən təxribatları şərh edərkən söyləyib.

O bildirib ki, zorakılıq aktlarının baş verdiyi şəhərlər də təsadüfən seçilməyib:

"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərarların qəbul olunduğu ölkələrdə ermənilər xüsusi aqressivlik nümayiş etdiriblər. Məsələn, Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasına parlamentin 3 fraksiyasının - mühafizəkarlar, əmək və demokratik birlik partiyalarının nümayəndələri tərəfindən "Ermənistanın Azərbaycana qarşı aqressiyası" adlı qətnamə layihəsi təqdim olunub. Sənəddə Ermənistanın işğalçılıq siyasətinin nəticələri ilə bağlı bütün məqamlar yer alıb. Nəzərinizə çatdırım ki, mühafizəkarlar Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasında 365 deputatla təmsil olunurlar və bu baxımdan, sənədin qəbulu üçün heç bir maneə yoxdur.

Ermənilərin xüsusi aqressivlik nümayiş etdirdiyi digər ölkə Amerika Birləşmiş Ştatlarıdır ki, bu ölkənin Senatında da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox mühüm məqamların yer aldığı düzəliş qəbul olunub. Sənəddə "1991-ci ildən etibarən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın xarici qüvvələr tərəfindən qanunsuz işğal olunmuş 15 regionundan zorla köçürülən vətəndaşları"ndan söhbət açılır və bu yanaşma özündə bir sıra mühüm məqamları ifadə edir. Düzəlişdə işğal prosesinin 1991-ci ildən başlamasının və Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın 15 regionunu əhatə etməsinin qeyd olunması, Azərbaycanın statusu ləğv edilmiş Dağlıq Qarabağ bölgəsinin və bölgə ətrafındakı 7 rayonun xarici qüvvələr tərəfindən işğal edilməsi faktının qanunvericilik səviyyəsində qəbul olunması deməkdir.

Ermənilərin zorakılıq aksiyaları həyata keçirdiyi başqa bir ölkə isə Belçikadır. Belçikanın paytaxtı Brüssel həm də Avropa İttifaqının paytaxtı sayılır. Təkcə bu il ərzində Avropa İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli qurumları tərəfindən 3 mühüm sənəd qəbul olunub ki, onların da hər birində Azərbaycanın ərazi bütövlüyünə hörmət və sadiqlik ifadə olunur. Eyni zamanda, Aİ-nin xüsusilə Azərbaycana münasibətdə "ərazi bütövlüyü" anlayışının konkret parametrləri açıqlanır. Aydın olur ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə dəstəyi məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər - yəni Dağlıq Qarabağ regionu ilə birlikdə olan ərazini nəzərdə tutur.

Göründüyü kimi, həm Böyük Britaniyada, həm ABŞ-da, həm də Belçikada (Avropa İttifaqı) Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pislənildiyi və təcavüzə son qoyulmasının tələb olunduğu sənədlərin qəbul edilməsi və qəbul ediləcəyi perspektivi ermənilərin aqressiyasına, dinc nümayişçilərə qarşı terrorçu kimi davranmalarına səbəb olub. Bu sırada Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata tutarlı cavab verilməsi, işğalçı ölkənin bu prosesə üçüncü tərəfi cəlb etmək niyyətinin baş tutmaması, Ermənitanın təcavüzkar davranışlarına sərt beynəlxalq reaksiyanın verilməsi, Azərbaycan Prezidentinin təşəbbüslərinin dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və beynəlxalq hüququn subyekti olan dövlətlərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsini də əlavə etsək, bütün dünyanı öz yalanlarına inandırmağa çalışan təcavüzkarın və onun ayrı-ayrı ölkələrdəki ünsürlərinin qəzəbinin səbəbini anlaya bilərik. Ermənistanın həm hərbi, həm də siyasi səhnədə məğlub duruma düşməsi hər zaman başı sığallanan, millətdən, xalqdan daha çox terrorçu təşkilat kimi formalaşan təcavüzkar toplumu tamamilə çaşdırıb və onlar baş verənlərə inana bilmirlər".

Ekspertin fikrincə, ermənilərin dinc nümayişçilərə qarşı zorakı hərəkətləri, onlara ağır bədən xəsarətləri yetirmələri ilə bağlı faktlar onların təcavüzkar mahiyyətini bir daha ifşa edir: "Bu da həm hüquqi, həm də informasiya savaşı müstəvisində ciddi şəkildə təqib və təbliğ olunmalıdır.

Dinc nümayişçilərə qarşı zor tətbiq edən şəxslərin cəzalandırılması həm də ona görə vacibdir ki, erməni diasporunun nümayəndələri belə əməllərinə görə cəzalanacaqlarını başa düşsünlər və bir daha belə cinayətkar əməllərə əl atmasınlar. Ermənilərin cəzalandırılması həm də hüquqi presedent rolunu oynayacaq ki, bu da çox mühüm amildir.

Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə mütləq hüquqi qiymət verilməlidir. Bu, həm də cinayət əməllərinin həyata keçirildiyi dövlətlərin daxili siyasəti üçün çox mühüm əhəmiyyət daşıyır. Əks təqdirdə özünü cəzasızlıqda hiss edən ermənilər, yaxud hər hansı başqa bir etnik qrupun nümayəndələri həmin ölkələrin daxili təhlükəsizliyinə ciddi ziyan vura bilərlər.

Digər tərəfdən, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.

Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının indiki halda susqunluğu başa düşülmür. Bu, bir daha sübuta yetirir ki, həmin təşkilatlarda ikili standartlar və selektiv yanaşma hökm sürür. Bu isə təməl missiyası fundamental insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə nəzarətdən ibarət olan özlərinin bu norma və prinsiplərə əməl etmədiklərini göstərir.

Bəxtiyar Umarlı Son.az