Daxilimizdə olan mühərriki tanımaq


Digərləri 16 İyl 2020 22:10:00 163 0

Daxilimizdə olan mühərriki tanımaq

Bismilləhir-Rahmənir-Rahim!

İnsanı tanıma - bütün bəşəriyyət üçün, hər birimiz üçün hər zamanda aktual olan mövzulardandır. Böyük bir əhəmiyyət kəsb edən mövzudur. Bu gün dünyanın gəlib çatdığı qənaət budur ki, bütün məsələlərə nisbətdə insanmərkəzli baxışa ehtiyac var.

Uca Allah bizləri özünü tanıyanlardan qərar versin, inşəallah!

Yeni eranın içərisində

Biz bir yeni eraya daxil oluruq. "Vuka vörld" adlandırılan bu dövr - qeyri-müəyyənlik strategiyası adlandırılan bir dövrdür. Bu, bəşəriyyətin bu gün qarşılaşdığı yeni vəziyyət - qeyri-müəyyənlik strategiyası vəziyyətidir.

Bəli, özündə bir neçə xüsusiyyəti, müəyyən keyfiyyətləri cəmləşdirən bu dönəmə "Vuka vörld" dönəmi deyilir. Bu, bir dünyadır ki, burada mürəkkəblik, qeyri-müəyyənlik dominantlıq təşkil edir, birmənalılığın olmaması ilə səciyyələnir və bu kimi. "Nə qədər davam edəcək?" sualının cavabı yox, "nə baş verir?"lə bağlı da bir aydınlıq yoxdur. Ümumilikdə baş verənlərin təhlili üçün də tam aydın təsvir yoxdur. Hər an da bütün faktorlar dəyişməkdədir.

Bu dönəmin açıqlamasından da mövzuya diqqət etmək çox zəruridir. İnsanın həyatında bir dəyişməzlər var idi - onlar dəyişdi. İnsanlar illərlə, onillərlə yaşayırdılar və hesab edirdilər ki, həyatda dəyişməz mövzular var. İstədikləri yerə səfər edə biləcək, istədikləri yerə səyahət edə biləcək, istədiyi cür təhsilləri ilə həllər tapa biləcək, işləri, istehsalatları ilə məşğul ola biləcəklər və s. İndi məlum olur ki, birmənalı və kateqorik hesab olunan, insan həyatının motivasiyası üçün ciddi meyar rolunu oynayan amillər, birdən-birə və eyni anda sual altına düşə bilir.

Dəyişməz görsənən mövzular rahatca dəyişilir və həyatda onların birinci dərəcəli olmasının özü sual altına düşür və nəinki insan həyatında prioritet təşkil edir, əslində heç bu rolu oynamaq fürsətləri də yoxdur.

Amma, bütün bu dönəmdə dəyişməz mövzular olduğu da aydın olur. Bu dəyişməz mövzular birmənalı olaraq insanla, insanın kimliyi, mahiyyəti ilə bağlıdır. İnsanın insan olaraq kimliyinin dəyişməz və fundamental mövzu olaraq qabarması baş verir.

Sözsüz ki, bu, düşünən, təəqqül edən, şüurla yanaşmaq istəyən insanlar üçün aydın olur.

Antropoloji dönüş dönəmi

Bəşəriyyət onsuz da yeni bir dünya düzəninə doğru gedirdi. Bəşəriyyət modernizm mərhələsinin yekununu yaşamaqda idi. Bəziləri iddia edirdilər ki, post-modern bir dönəmdir. Belə davam edə bilməyəcək. İntibah dönəmi adına yaşanan mərhələdə inanc, din, Allaha inam, əxlaq, elm, mənəviyyat gerçək mehvəriyyətindən çıxarılmışdı, insanların mövzularında lokallaşma getmiş, elmin özünə baxış dəyişmişdi. İnsanlar bir yerə çatmışdılar ki, bəşəriyyət məhdudiyyətlər, çərçivələr dönəminə daxil olmuşdu. Anlaşılırdı ki, belə davam edə bilməz.

Bəşəriyyət İkinci Dünya Müharibəsindən sonra "belə davam etmək istəmirik" şüarlı eqzistensial böhran yaşamaqda idi. Bu böhrandan sonra biz deyə bilərik ki, hazırda yaranmış situasiya sonuncu damcı oldu ki, hər şey dəyişsin. Biz özümüzü, kimliyimizi tapmalı və insan mehvərli bir həyatımızı qurmalı və tənzimləməliyik. İnsan hər mövzuda, hər məsələdə irəlilədi, özündən başqa. Ona görə də insantanıma bəhsləri indi, hər zamandan daha da aktualdır.

Ümumilikdə bəşəriyyətin insana baxış mövzusu ildən-ilə aktuallaşır. Bu, son onilliklərin ana mövzusudur. Bu dönəmə antropoloji dönüş dönəmi də deyilir. İnsantanıma baxımından bir dönüş baş verməkdədir. Yəni, fərqinə varılmaqdadır ki, Yerin dibində nə var-nə yoxu hamı anladı, yuxarılarda baş verənlərdən də az-çox baş çıxartdı, amma öz kimliyini hələ də dərk etməyib.

İnsan özü kimdir? Biz kimik? Biz kimliyimizi anlamadan nə üçünlüyümüzü anlaya bilməyəcəyik. Nə üçünlüyümüzü anlamadan, nə etməlimizdən danışa bilməyəcəyik. Biz artıq bu böhranın içərisindəyik. Belə olan halda məzmun unudulur və forma dalınca gedilir. Çünki, insanın kimliyi mövzusu sıradan çıxdıqda, detallara gedilir və əsas hədəf unudulur. Ona görə də, insanın  kimliyinin öyrənilməsi - günün ən zəruri məsələlərindəndir.

İnsanı niyə tanımalıyıq?

Bizim üçün insantanıma sadəcə nəzəri olaraq önəm daşımır. İnsanı tanımalıyıq ki, özümüzün imkanlarımızı, potensiallarımızı, bacarıqlarımızı, tutumumuzda olan mövzuları realizə edə bilək. Özümüzü düzəltmək üçün özümüzü tanımalıyıq.

İnsanşünaslıq - insan düzəltmək üçün insanı tanımaqdır.

Biz kimik?

Hansı imkanlarımız var?

Nə zaman bütün imkan və potensiallarımız üzə çıxmış halda, kamil halda oluruq?

Kamil insan hansı haldır?

Nə zaman olduğumuz vəziyyətdən o istiqamətə doğru hərəkət edə bilirik? Bütün bunlar bizim bəhsimizin cavab tapacağı mövzular olacaq.

İnsanı kamal qəbul edən varlıq olaraq araşdırmanın yol xəritəsi budur.

Bizi maraqlandıran birinci mövzu - insanı tanıma və araşdırmadır. Biz insanı hansı baxımından araşdıracağıq?

Tələbəlik dönəmində fəlsəfə müəllimimiz bizə bir sualla müraciət etdi. O vaxta qədər artıq fəlsəfə ilə bağlı müxtəlif dərslər almışdıq. Onun dərsi ilk deyil idi. Amma o, sanki ilk dəfə başlamaq kimi bu sualı verdi ki, fəlsəfə ilə digər elmlərin fərqi nədir? Hamımız cavab verməyə çalışdıq. Sözsüz ki, fəlsəfənin predmeti - varlıqdır. Belə götürsək, digər elmlərdə də əsas mövzu - varlıqdır. Amma, fərq nədədir? Fəlsəfə ilə digər elmlərin varlığı öyrənərkən fərqi nədədir?

Bizim bəhs etdiyimiz, müzakirə etdiyimiz insan araşdırılması hansı baxımından həyata keçirilir? Biz ilk olaraq müəyyən etməliyik ki, insanı hansı baxımdan araşdırmalıyıq. Eyni mövzu fəlsəfə ilə digər elmlərin fərqində də dayanır. Ustadımız bizdə intellektual qıcıq, təhrik yaradandan sonra bizə aydın oldu ki, bu həqiqətə diqqət etmədən, bu mövzuya xüsusi vurğu ilə yanaşmadan insan bir ömür müxtəlif elmlər öyrənər, amma bilməz ki, o elmləri hansı bucaqla öyrənməli idi və buna nail oldumu? Fəlsəfə öyrənən heç fərqinə varmaz ki, fəlsəfənin doğrudan da mahiyyətini nə təşkil edir. Hansısa nəzəri mətnləri sadəcə oxuyub və imtahanlarını verməkdən söhbət getmir.

Cavab əslində çox sadə idi. Fəlsəfə - varlığı varlıq baxımından öyrənən elmdir. Var olma, varlıq baxımından varlığı öyrənmək üçün mövcud olan bütün mövzular - əslində fəlsəfənin predmetidir. Ehtiyaclı varlıq olaraq, ehtiyacsız varlıq olaraq, mümkünəl-vücud, vacibəl-vücud olaraq - varlığı varlıq olaraq öyrənən bütün mövzular fəlsəfənin mövzusudur. Amma, varlığı hansısa cəhətdən, hansısa bucaqdan öyrənən müxtəlif elmlər də mövcuddur. Bu mənada ciddi mövzu buradan başlayır. Günümüzdə ateistlər, müxtəlif ideoloji cərəyanların nümayəndələri adətən fəlsəfədə məhz bunu qarışdırırlar. Bəzən sırf fəlsəfi mövzunu, varlığı varlıq olaraq müzakirə edərkən üslub olaraq empirik, elmi bir üslubu götürürlər və yanlışlar buradan başlayır.

İnsanşünaslığın predmeti

O cümlədən də insantanıma, insanöyrənmə, insanşünaslığın da öz predmeti var. Tibb elmi insanı sağlamlıq baxımından, psixologiya - psixoloji durumu baxımından öyrənir. İnsanşünaslıq bəhslərində isə insanı öyrənmə, insanı tanıma bucağımız - insanın kamal qəbul edən varlıq olaraq araşdırılması olacaq. Yəni, insan bir varlıqdır ki, kamal qəbul edə bilir, onun içində bir potensial, imkan, tutumlar var və o, böyük bir təkamül keçə bilər.

İnsanın fiziki olaraq, cismani varlığını öyrənərək ən kiçik vəziyyətindən ən yekun durumuna qədər inkişafını müəyyən edilə bilinir, təkamül prosesi öyrənilir və hər kəs qəbul edir ki, insan ilk başlanğıc vəziyyətindən fiziki olaraq kamil hala gələnə qədər bəlli bir potensiala malikdir.

Amma bu, bizim mövzumuz deyil. Bizim mövzumuz məsələnin cismani, fiziki tərəfi deyil. Necə insanın cismani təkamülə potensialı var, o cür də varlıq potensialını inkişaf etdirmək qabiliyyəti vardır. Varlıq təkamülünü inkişaf etdirib, gəlib ən yekun - kamil insan olaraq yetişmək imkanı var.

Biz bu gerçəkliyi bilməliyik ki, insanın cismani müstəvidə bu təkamül prosesi onun birbaşa iradəsinin ixtiyarında olmadığı halda, mənəvi mənada, gerçək kimliyi baxımından kamal qəbul etmə vəziyyəti birbaşa onun iradəsinin məhsuludur. Biz deyə bilərik ki, insanın Rəbbi tərəfindən bütün varlıqların Rübubiyyət müstəvisində aldığı nemətlər, onun iradəsinə bağlı deyil. İnsanın iradə, şüur, ağıl, mənəviyyat müstəvisində təkamülü - artıq Rübubiyyətin ikinci növüdür. Xüsusilə ağıl - şüurlu və seçimli varlıq olan insan üçün verilmiş bir nemətdir. İnsantanıma baxımından bu bizi maraqlandırır ki, insan qəbul edən varlıqdır.

Söhbət cismani təkamüldən getmir, insanın kimlik olaraq, varlıq olaraq keçə biləcəyi ali təkamüldən gedir. İnsan kim ola bilər, haraya qədər ucala bilər, haradan haraya qədər gedə bilər? Bunları bilməli və bu yolu getməli. Bu, bir iradəvi prosesdir.

Təəssüflər olsun ki, bəşəriyyət əsrlər boyudur bu mövzunu məktəblərində, universitetlərində, gündəlik həyatlarında kənara qoyub. Əslində hər bir peyğəmbərin (ə), Məsum İmamın (ə), Allah dostunun gəlişi insana bunu xatırlatmaq üçündür. Özünü tap, özünü araşdır, özünü inkişaf etdir. "Sən nə üçün yaranmısan"ı kəşf et və ona doğru irəlilə.

İstikmali hərəkət potensialı

Beləliklə biz insanı o baxımdan araşdıracağıq ki, insan kamal qəbul edəndir, insan təkamül keçə bilən bir varlıqdır. İnsan daxilində böyük bir potensialı - istikmali hərəkət potensialını daşıyan varlıqdır. Yəni, ali kamala doğru hərəkət etmək potensialına malik bir varlıqdır.

Biz istəyirik ki, insanın həqiqi kamalını tanıyaq. Biz "kim ola bilər"liyi bilsək, kamil insanın yiyələnə biləcəyi vəziyyəti tanıya bilsək - ona doğru hərəkət edə bilərik. O, hansı vəziyyətdir ki, insanın içərisində olan bütün potensiallar, bütün kamal qabiliyyətləri, kamal istedadları gəlib özünü tapır? Bax, onu tapmaq lazımdır. Onu tapdıqdan sonra onu hədəf olaraq seçməli və ona doğru hərəkət etmək lazımdır. Ona görə də bizim bu bəhslərdə faydamız - insanın həqiqi kamalını tanıma və həqiqi kamalı tanıyandan sonra ona çatmaq yolunu öyrənməkdir. Aydın hədəf - kamil insan kimdir? Onu müəyyən etməliyik və ona necə gedib çatmalı olduğumuzu öyrənməliyik. Hədəf birmənalı və aydın olmasa, ona gedib çatmaqdan söhbət belə gedə bilməz. Çünki, hədəf aydın olmalı, sonra ona doğru necə çatmaq öyrənilməlidir.

Biz bu istiqamətdə üslub və metodoloji olaraq nələr edəcəyik? Bu mənada bizim diqqətimizi nələr çəkməlidir? İnsanın daxili yönəlişlərini, daxilimizdə olan istəkləri, başlanğıcları, mühərrikləri, generatorları öyrənməliyik. Özümüzü yaxşıca tanımalıyıq. Allahın bizim içərimizdə qoyduğu başlanğıclarımızı, istəklərimizi, yönəlişlərimizi, meyillərimizi yaxşıca tanımalıyıq.

Onları tanımaqda hədəfimiz bu olmalıdır ki, onlar bizə elə-belə, təsadüfən qoyulmayıb. Heç nə bizə səbəbsiz verilməyib. Onların hər birinin gerçək inkişaf potensialı var. Biz onlardan necə istifadə edək ki, həmin kamal vəziyyətinə, istikmali hərəkətdə ən yaxşı formada o mühərrikləri işə salıb yönələk. Biz bunları tanımalı, bu başlanğıcları öyrənməli, bunları öyrənəndən sonra ali kamala doğru, ali hədəfimizə doğru hərəkət etməliyik.

Bizim içərimizdə olan potensialları işə sala bilən mühərriklər var. Misal üçün qüdrət, idrak, ləzzət mühərrikləri var. Bunların hər biri barədə ayrıca danışacayıq. Biz o mühərrikləri tanıyıb, onları işə salmağı bacarsaq, ali kamala doğru növbəti miniklərimizi doğru-dürüst işə salmış oluruq və o mənəvi uçuşumuz üçün maksimal dərəcədə hazırlıqlı vəziyyətə gəlib çatmış oluruq.

Digər bir işimiz - o ali hədəfə çatmaq istiqamətində hərəkətdə bizə kömək edən və mane olan amilləri müəyyən etməkdir. Hansı şərait münbit şəraitdir, hansı şərait zərərlidir? Bunları da müəyyən etmək insanşünaslıq bəhslərinin ciddi mövzularındandır.

Bütün bunlar bizim insanşünaslıqla bağlı yol xəritəmizdir.

Allahım, bizlərə özümüzü tanımaq tofiqatını nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof