Tövbənin qəbul olması üçün mühüm nöqtə


Digərləri 16 İyl 2020 20:55:00 156 0

Tövbənin qəbul olması üçün mühüm nöqtə

Təəssüf ki, biz insanlar tez-tez xəta və günah edirik. Sonra bu əməlimizə görə peşman olur və tövbə edirik. Allahdan istəyirik ki, bizə tövbə etmək tövfiqi versin və əcəlimiz gələnə qədər bizə bağışlanma fürsəti əta etsin.

Qurani-Kərimdə buyurulur: "Əslində (qəbulu İlahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir". ("Nisa" 17).

Tövbənin qəbul olmasının şərtlərindən biri budur ki, bəndə etdiyi günahı cəhalət üzündən edər. Yəni, bu əməlin günah olmasını bilər, ancaq onu Allaha qarşı çıxmaq üçün yerinə yetirməz. Bəlkə cahil olduğu üçün yerinə yetirər.

Tövbənin qəbul olmasının şərtlərindən biri budur ki, insan günah etdiyini hiss edən kimi tövbə etməlidir. Yəni, tez tövbə etmək tövbənin qəbul olmasına şərait yaradar.

"Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə, onlara "salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır" de". ("Ənam" 54).

Hər kim tövbə edərsə, gərək qəlb tövbəsi etsin. Dilində sadəcə tövbə zikrini demək kifayət deyildir. Bu əməlindən peşman olmalıdır və onu təkrar etməmək qərarına gəlməlidir. O zaman Bağışlayan Allah onu əfv edəcəkdir.

"Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər". ("Ali-İmran" 135).