QuraniKərimdə namazın neçə növü göstərilib?


Digərləri 16 İyl 2020 20:05:00 137 0

QuraniKərimdə namazın neçə növü göstərilib?

Namaz - mübarək dinimizin sütunudur və hər kim dində sabit qalmaq istəyirsə, gərək namazının səhih olmasına diqqət etsin. Namaz elə bir ibadətdir ki, bəndə ilə Allah arasında olan rabitəni təmin edir. Bəndə namaz vasitəsilə Uca Allahla danışır və münacat edir. Allah da bəndəsinin namazına görə əməllərini qəbul edir. Əgər namazı qəbul olarsa, əməlləri də qəbul olar. Əks halda əməlləri də qəbul olmaz.

Ona görə də namazı dinin sütunu adlandırırlar. Son.az deyerler.org-a istinadən bildirir ki, necə ki, xeymə sütun olmadan dayana bilməz, eləcə də din namaz olmadan var ola bilməz. Bu namazdır ki, dini ayaqda saxlayır və aşmasına imkan vermir.

Qurani-Kərimdə namazın 4 növü bəyan edilmişdir ki, onlarla tanış olaq:

1. Şükür namazı. Allah Təala Quranda buyurur: "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız". ("Bəqərə" 21).

2. İnkişaf namazı. Bu namazın dərəcəsi şükür namazından daha yüksəkdir. Quran buyurur: "Bu Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir.

Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir". ("Ənkəbut" 45).

3. Ünsiyyət namazı. Allah Təala Həzrət Musaya (ə) buyurur: "Namazı Məni anmaq üçün qıl!". ("Taha" 14).

Namazqılan məhz Allahı yada salaraq, Onunla ünsiyyət qurar. Hər kim Allahı yada salar, qəlbi hüzur əldə edər.

4. Təqərrüb namazı. Allah Təala Həzrət Peyğəmbərə (s) buyurur ki, əgər Mənə yaxın olmaq istəyirsənsə, səcdə et. "Səcdə et və Ona yaxın ol!". ("Ələq" 19).