"Sərtləşdirilmiş karantin tədbirləri yenə əlavə iki həftə uzadılmalıdır"


Digərləri 16 İyl 2020 17:52:00 150 0

"Sərtləşdirilmiş karantin tədbirləri yenə əlavə iki həftə uzadılmalıdır"

"Bu aksiyalar yoluxma hallarının sayının artmasına gətirib çıxaracaq"

"Təəssüflə qeyd etmək lazımdır ki, həmin gecədən (14 iyun aksiyaları) bir gün əvvəl, döyüşlərin davam etdiyi həmin günlər bu məsələni Operativ Qərargahda ciddi olaraq müzakirə etmişdik".

Bunu Son.az-a müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

O bildirib ki, bu cür kütləvi tədbirlərin keçirilməsi, 5 nəfərdən çox adamın bir araya gəlməsi pandemiyayla mübarizədə ciddi fəsadlar yarada bilər:

"Ermənilərin sərhəddəki təxribatlarına etirazı nümayiş etdirmək üçün ordumuza dəstək məqsədilə kütləvi tədbirlərin keçirilməsi, eyni zamanda beynəlxlaq təşkilatların ofislərinin qarşısında mövqe göstərmək baxımından, emosionallıq, psixoloji dəstək baxımından bunlar hamısı əlbəttə ki, çox əhəmiyyətlidir, çox vacibdir. Lakin başqa şəraitlərdə. Yəni, hazırda pandemiya ilə Azərbaycan mübarizə apardığı üçün bizə daxildə ikinci cəbhə açmaq qətiyyən əlverilşli deyil. Bu cür kütləvi tədbirlərin keçirilməsi, 5 nəfərdən çox adamın bir araya gəlməsi pandemiyayla mübarizədə ciddi fəsadlar yarada bilər. Hələ bu aksiyalarda yüzlərlə, minlərlə adam olub. Digər şəhərlərimizi də götürsək, Sumqayıt olsun, Tovuz olsun, Bakı olsun, Qəbələ olsun fərq etməz. Hər bir yerdə yüzlərlə, minlərlə adam toplaşmışdı.

Orada birincisi hamı maska taxmamışdı, əksəriyyət maskadan istifadə etmişdi, bu bir. İkincisi, maska taxıb 2 metr məsafə saxlamamağın özü də yüksək yoluxma risqi daşıyır özündə. İstəyir maska olsun, dəfələrlə demişik ki, iki adam maska taxsa belə məsafə saxlamasa əhəmiyyəti olmayacaq. Əlbəttə ki, bu xoşməramlı hərəkətdir. Doğrudan da başqa bir vəziyyət olsaydı, pandemiya olmasaydı bu həddindən artıq çox başadüşüləndir və dəstəklənməli bir məqamdır, bunu ölkə rəhbəri də qeyd etdi. Amma pandemiya dövründə vətəndaşlarımızın hər biri qanuna uyğun hərəkət etməlidir. Hazırda Operativ Qərargaha hökümətin konkret olaraq qərarı var ki, 5 adamdan çox toplaşmaq olmaz, ikincisi, kütləvi tədbirlərin keçirilməsi istər bu toy olsun, istər yas mərasimi olsun, istər nümayiş olsun və s. qətiyyən yolverilməzdir və səbəbi də sırf pandemiyadır. Təəssüflə qeyd etmək istəyirəm ki, böyük ehtimalla bu aksiyalar yoluxma hallarının sayının artmasına gətirib çıxaracaq. Ümid edək ki, belə olmayacaq. Amma təəssüflə qeyd edək ki, buna ehtimal azdır. Çünki adam çox olub və xüsusilə Bakıda. Bakı da bilirsiniz ki, Azərbaycanda pandemiyanın episentridir. Digər bəzi rayon və şəhərlərimizlə müqayisədə Bakı bizdə ən epidemik mərkəzdir. Ona görə min adam, 3 min adam, 4 min adam bir yerə yığışanda mütləq şəkildə onların içində böyük ehtimalla koronavirusa yoluxan şəxslər olub, o cümlədən heç yoluxduğunu bilməyənlər də olub".