Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir ki, Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib


Siyasət 16 İyl 2020 17:27:00 165 0

Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir ki, Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib

"Son günlər Ermənistanın daha da aqressivləşib və Azərbaycanla dövlət sərhədində yeni hərbi təxribat törədib. Təbii ki, bu aqressiyanın qarşısı ordumuz tərəfindən alınıb və düşmənə sarsıdıcı zərbələr endirilib, şəhidlərimizin qisası alınıb".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyevin sözlərinə görə, şübhəsiz ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır:

"Eyni zamanda, Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının 2019-cu il hesabatında bundan əvvəlki siyasi rəhbərliklər oliqarx rejim adlandırılır, orada siyasi opponentlər təqib olunur və diktatura hökm sürür.

Ona görə dünya ictimaiyyəti də Ermənistanın bu növbəti təxribatını pisləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə edib. Cənab Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir ki, bu gün artıq Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib, dünya miqyaslı tədbirlərə ev sahibliyi edir və ya onların təşəbbüsçüsü kimi yeni trendləri müəyyənləşdirir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışında deyib: "Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir. Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur".

Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər bir daha Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi göstərdi".

Komitə sədri vurğulayıb ki, dünyada "COVID-19" pandemiyasının bir çox dövlətlərin, o cümlədən Ermənistanın onsuz da olmayan iqtisadiyyatını iflic etdiyi halda, Azərbaycan iqtisadiyyatı az da olsa son altı ayda inkişaf edib. Baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə düşüb, uğurlu islahatlar inkişafı təmin edib.

Azərbaycanın bu uğurlarını gözü götürməyən, həzm edə bilməyən xarici qüvvələr bizə müxtəlif çirkin vasitələrlə təsir etməyə, nəyisə diqtə etməyə, süverenliyimizi məhdudlaşdırmağa çalışırlar. Lakin bu təsirlər artıq heç nəyi dəyişə bilməyəcək. Xalqın dəstəyini qazanmış Prezidentin siyasi iradəsi ortadadır və bu iradə xalqın iradəsinin təzahürüdür. Güclü, müstəqil, süveren Azərbaycan Respublikası ilə dost olanlar qazanacaqlar. Bunu əksər sağlam düşüncəli insanlar dərk edirlər.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, ölkəmizdə 1990-cı illərin əvvəllərində xalqımızı ağır bəlalara düçar olmasının, faciələr yaşamasının baiskarları bu gün də öz çirkin, xain əməllərindən əl çəkməyərək, iftira, böhtan və şantaj vasitəsilə insanlarımıza təsir etməyə, siyasi sabitliyi pozmağa cəhd edirlər. Bu xəstə təxəyyüllü nankorların dövlətimizə, xalqımıza qarşı iyrənc mübarizəsi qısasçılıq və "natamamlıq kompleksindən" qaynaqlanır. Xalqından, dövlətindən, vətənindən qisas almağa çalışanların bir adı var - Vətən xaini! İndiki tarixi məqamda hər kəsi öz adı ilə çağırmağın vaxtıdır.

Azərbaycanın 43 siyasi partiyası vətənin çətin günündə dövlət başçısının uğurlu siyasətini dəstəkləyərək birgə bəyanat imzalamaqla xalqa öz xidmətini göstərir. Bəs, bu bəyanatı imzalamayanlar nə istəyirlər? Ancaq unutmasınlar ki, xalq onları bağışlamayacaq! Xalqın gözü tərəzidir!

Daim xalqla bir yerdə olan, onun qayğıları ilə yaşayan Prezident İlham Əliyevə xalqın sonsuz inamı və məhəbbəti var. Çünki O, bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir və qərarlar qəbul edir. Ona görə də xalq-iqtidar birliyi sarsılmazdır. Bu birlik bizi qələbəyə aparır!".