Pandemiya dövründə əhalinin ərzağa xərclədiyi vəsaitin məbləği açıqlandı


Digərləri 16 İyl 2020 13:17:00 136 0

Pandemiya dövründə əhalinin ərzağa xərclədiyi vəsaitin məbləği açıqlandı

2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyard 245,7 milyon manatlıq, o cümlədən 9 milyard 729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 milyard 516,0 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə cox olub.

2020-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,0 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 23,5 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 26,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz artıb, bazar və yarmarkalarda isə 17,2 faiz azalıb.