BMW şirkəti M3/M4 cütlüyünün son sınaqlarına başlayıb FOTO


Digərləri 16 İyl 2020 08:59:00 171 0

BMW şirkəti M3/M4 cütlüyünün son sınaqlarına başlayıb  FOTO

BMW şirkəti yeni nəsil "bərkgedən" M3/M4 cütlüyü üzərində apardığı işləri yekunlaşdırır və hazırda Almaniyanın Zaksenriq trekində dövrələr vuran prototiplərin şəkillərini və bəzi xüsusiyyətlərini bölüşmək qərarına gəlib. BMW M3 sedanının və BMW M4 kupesinin mülki versiyalardan gücləndirilmiş kuzovları və xüsusi şassiləri ilə fərqlənəcəyi məlumdur, amma indi söhbət "bərkgedən" modellərin mühərriklərindən gedir.

Hər iki model, BMW X3 M və X4 M krossoverləri debüt etmiş 3,0-litrlik sıralı altısilindrli S58 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Standart versiyanın gücü 480 at qüvvəsi, Competition indeksli modifikasiyanın isə 510 at qüvvəsi təşkil edəcəkdir. Bununla belə, mühərrikin fırlanma anı hər iki halda eyni olacaqdır - 650 Nm. Adı çəkilən krossoverlərdəki mühərriklərin fırlanma anı 600 Nm təşkil edir.

Son.az autograph.az-a istinadən bildirir ki, bir sözlə, əvvəlki BMW M3/M4 modelləri ilə müqayisədə yeni modellər daha güclü olacaqdırlar. Xatırladaq ki, əvvəlki M3/M4 cütlüyünün təchiz edildiyi S55 mühərriki hətta Competition versiyasında 450 at qüvvəsinə və 550 Nm fırlanma anına, kiçik seriya ilə buraxılmış M4 GTS kupesində isə 500 at qüvvəsi və 600 Nm fırlanma anına sahib idi.

Yeni M-modelləri 6-pilləli mexaniki ötürmələr qutusunu quruyub saxlayacaqdır. Belə tandem bu sinifdə unikal bir təklif olacaqdır, çünki Audi və Mercedes-AMG markaları artıq mexaniki transmissiyadan çoxdan imtina ediblər.

Alfa Romeo Giulia Quadrifoglio modelinin ilk vaxtlarda mexaniki transmissiya ilə təklif edilməsinə baxmayaraq, sonradan bu Versiya istehsaldan çıxarılıb. 2018-ci ildən başlayaraq Giulia Quadrifoglio yalnız "avtomat" ilə təklif edilir.

Yeri gəlmişkən, artıq əlavə ödənişlə BMW M3/M4 modellərini 8-pilləli klassik "avtomat" ilə təchiz etmək mümkün olacaqdır: BMW M bölməsi iki muftalı "robotdan" imtina edib.

İlkin olaraq, yeni M-modelləri arxa ötürmə ilə təklif ediləcəkdirlər. Bir müddət sonra isə, "bərkgedən" kupe və sedanlar BMW M5 modelində quraşdırılan, ön oxu qoşan çoxdiskli muftası və drift rejimi olan M xDrive sistemi ilə təchiz ediləcəkdirlər. 2022-ci il mövsümündə isə GT3 kateqoriyasında çıxış edəcək BMW M4 GT3 kupesi işıq üzü görəcəkdir.

Yeni nəslin M3 və M4 modellərinin təqdimatı sentyabr ayında keçirilməlidir.