Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi


Digərləri 15 İyl 2020 22:52:00 177 0

Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi

Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etdi.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən bildirilib.

Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.

Senatın Xarici Əlaqələr Komissiyası bəyanatında Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumları pisləyir, həmçinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr (822, 853, 874, 884), Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsinə çağırır. Sənəddə Kolumbiya tərəfinin Azərbaycana dost ölkə olduğu bildirilir və hücumlar nəticəsində həlak olmuş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Hökuməti və xalqına dərin hüznlə başsağlığı verilir.