Nazirlik kiberhücumlarla bağlı xəbərdarlıq etdi


Digərləri 15 İyl 2020 15:48:00 180 0

Nazirlik kiberhücumlarla bağlı xəbərdarlıq etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar baş verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a verilən məlumata görə, hücum metodlarından birində kibercinayətkarlar "Şifrəmi unutmuşam" bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların hərəkətlərini izləyir. İstifadəçilər bu keçidləri sosial mediada paylaşdıqları zaman həmin keçidlərdən istifadə olunmaqla parol dəyişilir və hesab ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti bu həssas dövrdə vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçün vaxt itirmədən aşağıdakı ümumi qaydalara əməl etməyə çağırır:

1) Şübhəli linklərə keçid etməyin!

Sosial şəbəkə hesablarının ələ keçirilməsinin ən çox yayılan səbəblərindən biri istifadəçilərin kiberdələduzuların "tələsinə" düşməsidir ("fişinq").

Kiberdələduzlar login məlumatlarını ələ keçirmək üçün müxtəlif sosial mühəndislik üsullarından istifadə etməklə istifadəçilərə cəlbedici vədlər verərək onları zərərli keçidlərə klikləməyə sövq edir. Keçidə klikləyən istifadəçi

Facebook, İnstagram, Twitter və digər sosial şəbəkələrin saxta login səhifələrinə yönlədirilir və istifadəçi adı və parolunu daxil edir.

Bu cür mesajlar sosial mediada qarşınıza çıxa, e-poçtunuza göndərilə və hətta dostlarınızdan belə gələ bilər. Bu səbəbdən hər bir mesajın həqiqiliyinə şübhə ilə yanaşın.

Hesablarınıza daxil olmaq üçün brauzerdə açılan yeni səhifədə internet ünvanını əllə daxil edin.

Unutmayın, heç bir sosial şəbəkə provayderi istifadəçilərə e-poçt və ya bildiriş göndərməklə parolunu təqdim etməyi və ya hər hansı üçüncü tərəf tətbiqi yükləməyi tələb etmir.

2) Güclü və unikal parollardan istifadə edin!

Zəif parollar sosial şəbəkə hesablarının ələ keçirilməsinin digər ən çox yayılan səbəblərindəndir.

Sosial şəbəkə hesablarınızın hər biri üçün unikal parol seçin, onu başqa yerdə istifadə etməyin və digər şəxslərlə paylaşmayın.

Kiçik və böyük hərflərin, rəqəm və işarələrin kombinasiyasından istifadə etməklə 10-12 simvol uzunluğunda güclü parol yaradın.

Parol yaradarkən adınız, doğum tarixiniz və s. kimi fərdi məlumatlarınızdan, "parol" və s. kimi ümumi sözlərdən istifadə etməyin. Eləcə də, "12345" kimi ardıcıl rəqəmlərdən və ya "qüerty" kimi ardıcıl klaviatura düymələrindən istifadə etməyin.

3) Mobil nömrənizə, e-poçtunuza sosial şəbəkə hesabınızla bağlı gələn bildirişləri paylaşmayın!

Hesabınızla bağlı sizə göndərilən e-poçtları, keçidləri, bildirişləri digər şəxslərə yönləndirməyin və ya başqa yerdə paylaşmayın. Həmin bildirişlərdə hesabınızla bağlı həssas məlumatlar yer alır və hesablarınızın asanlıqla ələ keçirilməsinə imkan yaradır.

4) İki mərhələli autentifikasiyadan istifadə edin!