Dadlı, şirin və faydalı tut


Digərləri 14 İyl 2020 23:55:00 221 0

Dadlı, şirin və faydalı tut

Tut Azərbaycan torpağında qədimdən becərilən bitkidir. Meşələrdə cır tutun bir neçə forması var: ağ tut, qara tut və mor tut.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev deyib: "Tutu payızda, qışın şaxtasız günlərində və erkən yazda əkmək olar. Havalar istiləşən kimi ağacda tumurcuqlar açmağa başlayır. Həmin vaxt müntəzəm suvarma aparmaq lazımdır. Tut çox su sevən ağac deyil, lakin əkildiyi ilk dövrlərdə ona qulluq tələb olunur. Əkiləndən sonra ona bir-iki il ardıcıl su verilməlidir ki, kök sistemi yaxşı inkişaf etsin".

Tut dərdlər dərmanı, yaraların məlhəmidir. Tut ağacından ət döymək üçün toxmaq hazırlanır. Su dəyirmanının unluğu, təhnəsi, xəlbirin və ələyin sağanağı tut ağacından hazırlanır. Musiqi və məişət alətlərinin hazırlanmasında onun oduncağı əvəzsiz xammaldır. Tutun təzə, xırda yarpağına dolma bükülür.

Botanik-alim deyib: "Tutun yarpağından tutmuş meyvəsinə, cecəsinə qədər müxtəlif məqsədlərlə istifadə edilir. Hər səhər onun meyvəsini acqarına yemək qanı təmizləyir. Tut meyvəsi və ondan hazırlanan doşab və irçal daxili xəstəliklər zamanı çox böyük şəfaverici rol oynayır.

Qaraciyər ağrılarında qara tut, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək müalicəvi təsir göstərir. O, həm də qan təzyiqini aşağı salır və iştaha gətirir. Tut meyvəsinin şirəsi boğaz ağrıları və difteriyada faydalıdır, anginada qarqara kimi istifadə olunur".