Azərbaycanda ilginc əməliyyatın təfərrüatı


Kriminal 12 İyl 2020 13:30:00 165 0

Azərbaycanda ilginc əməliyyatın təfərrüatı

İrandan Azərbaycana göndərilən narkotiki götürüb satmaq istəyən şəxslər iş başında yaxalanıblar. Məhkəmə onlar barəsində ağır cəza təyin edib. Maraqlıdır ki, narkotiki Azərbaycana gətirən şəxslərin kimliyi məlum deyil.

Son.az musavat.com-a istinadən bildirir ki, iki dost Əlvan Sadıqov və Taleh Əlizadə İrandan göndərilən narkotiki 1000 manat qarşılığında başqa şəxslərə çatdırmalı imiş. Amma onlar iş başında polislər tərəfindən saxlanılıb.

İttihama görə, dəstənin istintaqla müəyyən edilməmiş İrandakı üzvləri Azərbaycana 88 qram heroin və 112 qram metamfetamini gömrük nəzarətindən kənar keçirməklə gətiriblər.

Sonra Biləsuvar rayonu Muğan kəndi ərazisində, Biləsuvar-İran-Gömrük yolunun "Muğan" sözü yazılmış lövhənin yanında gizlədiblər.

Cinayətkar qrupun İrandakı üzvü Əlvan Sadıqova zəng edərək narkotiki götürüb Bakıya aparmasını istəyib. Bunun qarşılığında ona 1000 manat pul verəcəyini deyib. Əlvan da Taleh Əlizadəyə zəng edərək kömək etməyini, birlikdə Bakıya getmələrini istəyib. Deyib ki, pulun yarısını ona verəcək.

Dostlar deyilən ünvana gedib narkotiki götürən zaman Biləsuvar Rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıblar.

İşin maraqlı tərəfi budur ki, narkotiki İrandan gətirən və gizlənən şəxs müəyyən edilməyib. Həmin şəxsin narkotiki gətirib "Muğan" sözünün altında gizlətdikdən sonra İrana qaçması ehtimal edilir.

Qeyd edilən əmələ görə Əlvan Sadıqova qaçaqmalçılıq, külli miqdarda narkotik vasitələrin əldə edilməsi və satışı kimi ittihamlar irəli sürülüb.