Pandemiya dövründə kontakt linza istifadəsi təhlükəlidir?


Digərləri 11 İyl 2020 20:40:00 165 0

Pandemiya dövründə kontakt linza istifadəsi təhlükəlidir?

Koronavirusun həm də gözlər vasitəsilə yayıldığı məlumdur. Günümüzdə çoxlu sayda insan kontakt linzalardan istifadə edir. Bəs linzalar COVID-19-un yayılmasına səbəb ola bilərmi?

Son.az e-tibb.az-a istinadən bildirir ki, oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyevanın hazırladığı məqaləni təqdim edir:

Kontakt linzalar müxtəlif məqsədlə təyin və istifadə olunur. Gözün qarası, yəni buynuz qişa üzərinə qoyulmaqla ya görmə zəifliyini korreksiya edən optik, ya buynuz qişada olan yara və defektləri "örtmək, sarğı" məqsədilə terapevtik yaxud da göz "bəbəyinin" (qüzehli qişanın) rənginin fərqlə görünməsi məqsədilə kosmetik  linzalar  yüksək həssaslıqla gigiyena qaydalarına riayəti tələb edir. Linza istifadəçiləri linzaya toxunmazdan əvvəl əllərini sabunla yumalıdırlar, linzaların saxlanıldığı konteyner qabları tez-tez yumalı və linzaların saxlanıldığı mayeni həftədə bir dəyişdirməli,eləcə də uzun müddətli istifadə üçün hazırlanmış linzaları da öz mayelərilə  yumalıdırlar. Hətta linzalardan istifadə olunmadığı vaxtlarda da bu qaydalara riayət olunmalıdır.

Optik linza istifadəçilərinə ev şəraitində eynək korreksiyasına keçmələri, həftədə bir gün linzadan ümumiyyətlə, istifadə etməmələri tövsiyə olunur. Gecə linzalarla yatmaq, heç bir halda linza ilə dəniz və hovuza girmək, suya dalmaq olmaz. Belə ki, linzalara hopmuş mikrohissəciklər, bakteriyalar, hovuz suyundakı kimyəvi qatqılar gözdə iltihaba, buynuz qişa yaralarına səbəb olur. Bu baxımdan çox diqqətli olmaq məsləhət  görülür. İnfeksiya keçirmiş  gözlərdə olan linzaların təkrar istifadəsi isə yolverilməzdir, xəstəlikdən sağalmış gözlərin reinfeksiyasına səbəb ola bilər. Belə halda onları yeniləmək məsləhətdir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, COVİD 19 xəstəliyinə linza istifadə etməklə yoluxma halları qeydə alınmayıb. Lakin bu linza istifadəçilərini arxayın etməməlidir. Firavan dövrdə gigiyena qaydalarına tam əməl olunmaq tələb olunurdusa , pandemiya dövründə  daha da diqqətli şəkildə icra olunması tələb edilir.

Pandemiya dövründə əgər oftalmoloqlar zərurət olmadığı halda optik  linza istifadə etməməyi məsləhət görürsə, kosmetik linzaların istifadəsi nə dərəcədə düzgündür?! Xüsusilə 1dəfəlik istifadə üçün nəzərdə tutulmayan kosmetik linzalar təhlükəli ola bilər. Pandemiya dövründə Linza istifaçilərinə profilaktika məqsədilə tərkibində konservant olmayan süni göz yaşı damlaları məsləhət görülür. Eynək istifadəçilərinə eynəklərini axar su altında adı maye sabunla yuyub ,qoruyucu maye spreylərlə təmizləyib, mikrofibro salfet-dəsmalla qurulamaq tövsiyə olunur.