Pendirin orqanizmə faydaları və təhlükələri


Digərləri 11 İyl 2020 18:03:00 159 0

Pendirin orqanizmə faydaları və təhlükələri

Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirin tərkibində olan zülallar südün tərkibindəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25%-ə qədər zülal, 60%-ə qədər yağ və 3,5%-ə qədər karbohidrat mövcuddur. 100 q pendirin enerji dəyəri 200-400 kkal arasında dəyişir. Südün mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ - bərk, yarımbərk, yumşaq, toz, krem və s. pendir məhsulu hazırlana bilər. Pendirin hazırlanmasında süddən başqa, bir sıra köməkçi vasitələrdən də istifadə edilir ki, onlara dadlandırıcı, qoruyucu, konservləşdirici və digər qatqı maddələrini aid etmək olar.

Pendirin faydaları nədir?

Kalsium mənbəyidir. Süd və digər süd məhsulları kimi, pendir də insan orqanizmi üçün əsas kalsium mənbəyidir. Kalsium sümük toxumasının inkişafı və qorunmasında mühüm rol oynadığına görə pendir müxtəlif yaş qrupundan olan insanlar tərəfindən istehlak edilə bilər. Belə ki bu məhsul uşaqlarda sümüklərin normal və sağlam inkişafına müsbət təsir göstərir, yaşlı insanlarda sümük xəstəliklərinin yaranmasının qarşısını alır.

Fol turşusu ilə zəngindir. Fol turşusu - B9 vitamini hamiləlik dövründə qadın orqanizmində dölün inkişafında mühüm rol oynayır. Fol turşusu həmçinin qan-damar sistemi orqanlarını qorumaqla yanaşı, anemiya və yüksək təzyiqin qarşısını alır.

B2 vitamini ilə zəngindir. Pendirin tərkibində olan digər əsas vitaminlərdən biri də B2 vitaminidir. Riboflavin adlanan bu vitamin dəri, dırnaq və saça müsbət təsir göstərməklə zədələnmiş toxumaların bərpasını sürətləndirir. Digər vitaminlərdən fərqli olaraq, B2 vitamini insan orqanizmində ehtiyat halında toplanmır, bu səbəbdən də onun gündəlik istehlakı zəruridir.

Təbii probiotikdir. Pendir təbii probiotik xüsusiyyətli qida məhsuludur və tərkibində faydalı bakteriyalar mövcuddur. Bu faydalı bakteriyalar insanlarda həzm prosesini yaxşılaşdırmaqla həzm sistemi xəstəliklərinin qarşısını alır.

Bununla yanaşı, pendirin aşağıdakı faydaları da vardır: Yaddaşın möhkəmlənməsini təmin edir; Sinir sistemi üçün faydalıdır; Güclü antioksidantdır; İmmuniteti gücləndirir.

Pendir istehlakının səbəb ola biləcəyi təhlükələr hansıdır?

Süd məhsulları, o cümlədən pendir bəzi hallarda insanlarda allergik reaksiyalara səbəb ola bilər.