EANAya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub


Siyasət 11 İyl 2020 16:45:00 159 0

EANAya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub

Pandemiya jurnalistlərin də fəaliyyətinə təsir edir, doğru olmayan məlumatların yayılması medianın işini çətinləşdirir. Hazırda feyk xəbərlərlə mübarizə informasiya agentliklərinin fəaliyyətinin əsas istiqamətinə çevrilib.

Bu fikirləri France Press agentliyinin prezidenti Fabris Fris Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin rəhbərlərinin və nümayəndələrinin onlayn görüşündəki məruzəsində səsləndirib.

O, pandemiya dövrünün informasiya agentliklərinin fəaliyyətinə təsirindən danışaraq deyib: "Hazırkı vəziyyət sifarişlərin azalmasına səbəb olur. Buna baxmayaraq, biz fəaliyyətimizi şaxələndirməyə, yeni sahələrdə özümüzü sınamağa çalışırıq. Feyk xəbərlərlə mübarizə bizim fəaliyyətimizin əsas istiqamətinə çevrilib. İndiki dövrdə buna həqiqətən böyük ehtiyac var".

Vebseminarda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, hazırda qlobal müstəvidə səylər və birgə addımlar mövcud problemlərin həlli baxımından mühüm rol oynaya bilər. COVID-19 ilə mübarizədə ölkəmizin qlobal həmrəylik təşəbbüslərini diqqətə çatdıran İdarə Heyətinin sədri deyib: "Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bu mövzuya həsr olunmuş videokonfransında Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsü 130 ölkə dəstəklədi və sessiyanın keçiriləcəyi gün uzaqda deyil".

Aslan Aslanov avropalı həmkarlarını AZƏRTAC-da fəaliyyətin epidemioloji şəraitə necə uyğunlaşdırıldığı barədə məlumatlandırıb. Həmçinin qeyd edib ki, informasiya agentlikləri pandemiyanın başlanğıcından bəri feyk xəbərlərlə mübarizə işinə qlobal səviyyədə böyük töhfələr veriblər və bu istiqamətdə səyləri davam etdirirlər.

Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal,

EANA-nın prezidenti, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, İtaliyanın ANSA agentliyinin baş direktoru Stefano De Alessandri və başqaları müzakirələrdə iştirak edərək xəbər agentliklərinin gələcəyi, böhran vəziyyətlərinin jurnalistikaya təsirləri, mətbuatın transformasiya istiqamətləri barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. Buraya Böyük Britaniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.